Əsas ərzaq məhsulları son 5 ildə nə qədər bahalaşıb?

Əsas ərzaq məhsulları

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, 2021-2025-ci illərdə Azərbaycanda bir sıra əsas ərzaq məhsullarının orta illik satış qiymətlərində nəzərəçarpacaq artım qeydə alınıb. Ən böyük bahalaşma çörək və un məmulatları, şirniyyat məhsulları və uşaq qidaları seqmentində müşahidə olunub.

Rəsmi statistikaya görə, uzun düyünün orta illik qiyməti 2021-ci ildə 3,84 manat olduğu halda, 2025-ci ildə 4,73 manata yüksəlib. Beləliklə, məhsul son 5 ildə təxminən 23,2% bahalaşıb.

Yumru düyünün qiyməti isə 2,26 manatdan 3,09 manata çataraq 36,7% artıb.

Əhalinin gündəlik istehlakında xüsusi yer tutan buğda ununda da qiymət artımı qeydə alınıb. 2021-ci ildə 1 kiloqramı orta hesabla 1,20 manata satılan unun qiyməti 2025-ci ildə 1,48 manat olub ki, bu da 23,3 %-lik artım deməkdir.

Çörək məhsulları arasında ən böyük bahalaşmalardan biri əla növ buğda çörəyində müşahidə edilib. Bu məhsulun qiyməti 0,86 manatdan 1,24 manata yüksələrək 44,2% artıb. Çovdar çörəyi isə 1,27 manatdan 2,05 manata qalxıb və artım 61,4% təşkil edib. Qarışıq undan hazırlanan çörəyin qiyməti də 1,15 manatdan 1,70 manata yüksələrək təxminən 47,8% bahalaşıb.

Şirniyyat məhsulları da inflyasiya prosesindən kənarda qalmayıb. Peçenyenin orta illik qiyməti 3,44 manatdan 4,76 manata yüksələrək 38,4%, pryanikin qiyməti 3,19 manatdan 4,48 manata qalxaraq 40,4% artıb. Paxlava isə son 5 ildə 9,89 manatdan 13,10 manata yüksələrək 32,5% bahalaşıb.

Makaron məmulatlarında da oxşar dinamika müşahidə edilir. Vermişelin qiyməti 2,05 manatdan 2,70 manata (31,7%), makaronun qiyməti 2,04 manatdan 2,71 manata (32,8%), spagettinin qiyməti isə 2,12 manatdan 2,79 manata (31,6%) yüksəlib.

Səhər yeməklərində geniş istifadə olunan 500 qramlıq yulaf yarmasının orta qiyməti 2,42 manatdan 3,21 manata çataraq 32,6% artım göstərib.

Ən diqqətçəkən dəyişikliklərdən biri isə uşaq qidaları seqmentində qeydə alınıb. Yarmadan, undan və nişastadan hazırlanan uşaq qidalarının orta illik qiyməti 2021-ci ildə 10,49 manat olduğu halda, 2025-ci ildə 13,35 manata yüksəlib. Bu, son 5 ildə 27,3%-lik bahalaşma deməkdir.

Ümumilikdə, rəsmi statistika göstərir ki, 2021–2025-ci illər ərzində əsas ərzaq məhsullarının böyük əksəriyyətində 20-60% intervalında qiymət artımı baş verib. Ən yüksək bahalaşma isə çovdar çörəyi, qarışıq undan hazırlanan çörək və əla növ buğda çörəyi kimi gündəlik istehlak məhsullarında qeydə alınıb.

MONETAR.AZ