UNEC təkrar ali təhsil üzrə sənəd qəbuluna başlayıb

UNEC təkrar ali təhsil üzrə

 Azərbaycan Dövlət İqtisad Universiteti 2026/2027-ci tədris ili üçün ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyən şəxslərdən sənəd qəbulunu elan edib.

Universitetdən bildirilib ki, qəbul beynəlxalq münasibətlər, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment, mühasibat, ekologiya, kompüter elmləri, statistika, ekologiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kommunikasiya sistemləri mühəndisliyi, kompüter mühəndisliyi, qida mühəndisliyi, maşın mühəndisliyi, materiallar mühəndisliyi, sənaye mühəndisliyi, sosial iş, eləcə də dizayn (geyim dizaynı, mühit dizaynı) ixtisasları üzrə aparılacaq.

Məlumata əsasən, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada həyata keçiriləcək. Namizədlər əvvəlcə portal.edu.az, daha sonra isə UNEC elektron kabineti vasitəsilə tələb olunan sənədləri təqdim etməlidirlər. Müvafiq tələblərə cavab verən şəxslər təkrar ali təhsil almaq hüququ əldə edəcəklər.

Sənədlərin qəbulu 2026-cı il iyunun 3-dən avqustun 31-dək davam edəcək.

Təkrar ali təhsil almaq istəyən şəxslər elektron formada rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplom və diploma əlavənin) notarial qaydada təsdiq edilmiş surəti, 3x4 sm ölçüdə fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.

Qeyd olunub ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

MONETAR.AZ