Əlillər üçün maneəsiz mühitin yaradılması ilə bağlı yeni tikinti normaları təsdiqlənib

Əlillər üçün maneəsiz mühitin yaradılması ilə bağlı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşayış məntəqələrinin planlaşdırılması və tikinti layihələrində əlilliyi olan şəxslər üçün maneəsiz mühitin formalaşdırılmasını nəzərdə tutan yeni tikinti normalarını təsdiqləyib.

Qərarı Komitənin sədri Anar Quliyev imzalayıb. Yeni normalar yaşayış və ictimai binaların, eləcə də parkların, meydanların, küçələrin və digər ictimai məkanların layihələndirilməsi zamanı universal dizayn prinsiplərinin tətbiqini nəzərdə tutur.

Sənədə əsasən, bundan sonra inşa ediləcək bütün yeni tikililərin layihələri əlilliyi olan şəxslərin sərbəst hərəkətini və xidmətlərdən maneəsiz istifadə imkanlarını təmin edəcək tələblərə uyğun hazırlanmalıdır. Eyni zamanda, əsaslı təmir və yenidənqurma işləri aparılan mövcud obyektlər də bu standartlara uyğunlaşdırılacaq.

Yeni normalarda "universal dizayn" prinsipi əsas yanaşma kimi müəyyən edilib. Bu prinsipə görə, infrastruktur və binalar sonradan uyğunlaşdırılmaq üçün deyil, elə ilk mərhələdən bütün insanlar – əlilliyi olan şəxslər, yaşlılar, uşaq arabası ilə hərəkət edən valideynlər və digər əhali qrupları üçün rahat və əlçatan şəkildə layihələndirilməlidir.

Sənədə əsasən, yaşayış məntəqələrində həyata keçiriləcək infrastruktur layihələrində əlilliyi olan şəxslərin sərbəst hərəkəti, ictimai məkanlardan maneəsiz istifadəsi və müxtəlif xidmətlərə bərabər çıxışı təmin edilməlidir.

Bundan əlavə, layihələrin təsdiqi prosesində obyektlərin funksional zonalarının ölçüləri və tətbiq edilən mühəndis həlləri aidiyyəti qurumlar tərəfindən yeni standartlara uyğunluq baxımından qiymətləndiriləcək.

Qərarda həmçinin vurğulanır ki, tətbiq edilən inklüziv memarlıq həlləri digər istifadəçilərin rahatlığı və təhlükəsizliyinə mane olmamalı, əksinə ümumi şəhər infrastrukturunun keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir.

Yeni tikinti normalarının tətbiqinin Azərbaycanda daha əlçatan və inklüziv şəhər mühitinin formalaşdırılmasına, eyni zamanda beynəlxalq standartlara uyğun şəhərsalma təcrübəsinin genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.