Dünya bazarında dizel yanacağı ilə bağlı risklər artır

Dünya bazarında dizel yanacağı ilə bağlı

 Beynəlxalq Enerji Agentliyi (BAEA) dünya bazarında dizel yanacağı ilə bağlı yaranmış gərginlik fonunda üzv ölkələrə strateji ehtiyatlardan əlavə yanacaq həcmlərinin bazara çıxarılmasını nəzərdən keçirməyi təklif edib.

Monetar.az xəbər verir ki, bu barədə agentliyin icraçı direktoru Fatih Birolun üzv ölkələrin hökumətlərinə müraciətində bildirilib.

 Fatih Birol ölkələrə dizel yanacağının əlavə həcmlərinin bazara çıxarılmasına ehtiyac olub-olmadığını qiymətləndirməyi, zərurət yaranarsa, tədarükün həcmini və vaxtını müəyyənləşdirməyi tövsiyə edib.

 Mart 2026-cı ildə qəbul edilmiş ehtiyatların bazara çıxarılması qərarı üzrə öhdəliklərini hələ tam yerinə yetirməyən ölkələrə isə tədarükü mümkün qədər sürətləndirmək çağırışı edilib. Bu prosesdə əsas diqqətin dizel yanacağına yönəldilməsi istənilir.

 BAEA rəhbəri dünya dizel bazarındakı vəziyyətin təcili diqqət və ölkələr arasında əlaqələndirilmiş tədbirlər tələb etdiyini bildirib. O, Səudiyyə Ərəbistanının mülki və enerji infrastrukturuna, o cümlədən Ər-Riyad beynəlxalq hava limanına qarşı hücumların yenidən baş verməsini də risk amillərindən biri kimi qeyd edib.

 Oktyabrın 15-də BAEA-nın İdarə Heyətinin iclasında ölkələrin indiyədək gördüyü tədbirlərin nəticələrinin qiymətləndirilməsi gözlənilir.

 Xatırladaq ki, oktyabrın 2-də “Böyük yeddilik” (G7) ölkələri dörd ay ərzində strateji ehtiyatlardan bazara 100 milyon barel neft və neft məhsulunun çıxarılmasını sürətləndirmək barədə razılığa gəliblər. Bu çərçivədə dizel yanacağına üstünlük verilir.

 BAEA-nın oktyabrın 7-nə olan məlumatına görə, mart ayında qəbul edilmiş qərar çərçivəsində artıq təxminən 325 milyon barel neft və neft məhsulu bazara çıxarılıb. Ümumi razılaşdırılmış həcm 400 milyon barel təşkil edir.

 Qeyd edək ki, müzakirə olunan əlavə tədarük təklifi ölkələrin mövcud öhdəliklərindən əlavə yeni həcmlərin ayrılması məsələsinin nəzərdən keçirilməsini nəzərdə tutur.