Hörmüz boğazında yaranan böhran dünya enerji bazarında tədarük marşrutlarının şaxələndirilməsini, alternativ enerji mənbələrinə investisiyaları və strateji ehtiyatların artırılmasını ön plana çıxarıb. Mövcud vəziyyət qlobal neft tədarükünün 20%-dən çoxunu və analoji həcmdə sıxılmış təbii qaz (LNG) axınını risk altına salıb. Ekspert qiymətləndirmələrinə görə, böhranın təsirlərini azaltmaq üçün atılan addımlar 2030-cu ilədək Hürmüz boğazından keçən əvvəlki neft axınının 35-70%-ni kompensasiya etmək potensialına malikdir.
Bu məsələlər “Jefferies” investisiya bankı ilə “McKinsey” şirkətinin Qlobal Enerji və Materiallar komandası arasında müzakirə olunan hesabatda əksini tapıb. Hesabatda qeyd olunur ki, böhrandan əvvəl Hürmüz boğazından gündəlik təxminən 21 milyon barel neft daşınırdı. Bu həcmin təxminən 55%-i alternativ boru kəmərləri, hasilatın artırılması və mövcud ehtiyatlardan istifadə hesabına kompensasiya edilib. Eyni zamanda, istehlakın azalması gündəlik 6,8 milyon barel həcmində tələbatın ödənilməsinə imkan yaradıb.
“McKinsey” qlobal enerji təchizatında yaranan boşluğun azaldılması üçün altı əsas istiqaməti önə çəkir. Bu tədbirlərin effektiv həyata keçirilməsi 2030-cu ilədək Hürmüz boğazından keçən böhrandan əvvəlki neft axınının 35-70%-ni əvəzləməyə və ya kompensasiya etməyə imkan verə bilər.
Strategiyanın əsas istiqamətləri aşağıdakılardır:
-
Elektrifikasiya və təmiz energetika: nəqliyyat və digər sektorlarda elektrik enerjisinin rolunun artırılması, təmiz enerji istehsalının genişləndirilməsi;
-
Kömürün əvəzlənməsi: enerji istehsalında alternativ texnologiyaların tətbiqi və yanacaq balansının dəyişdirilməsi;
-
Alternativ neft və qaz mənbələri: ənənəvi tədarük marşrutlarından asılılığın azaldılması üçün yeni hasilat imkanlarının inkişafı;
-
Ticarət marşrutlarının yenidən qurulması: enerji daşıyıcılarının alternativ istiqamətlər üzrə nəqlinin genişləndirilməsi;
-
Ehtiyatların artırılması: strateji neft və qaz ehtiyatlarının, eləcə də saxlama infrastrukturunun genişləndirilməsi;
-
Tələbatın idarə edilməsi: enerji istehlakının optimallaşdırılması və səmərəliliyin yüksəldilməsi.
Hesabatda ən böyük kompensasiya potensialının yeni alternativ boru kəmərlərinin yaradılması ilə bağlı olduğu vurğulanır. Bununla belə, Fars körfəzindən kənarda neft hasilatının artırılmasının mərhələli şəkildə baş verəcəyi gözlənilir. Hətta ən nikbin ssenaridə belə, sadalanan tədbirlər böhrandan əvvəlki tədarük həcmlərinin tam bərpasına zəmanət vermir.
Hürmüz boğazında yaranan gərginlik enerji təhlükəsizliyinin yalnız neft və qaz hasilatı ilə məhdudlaşmadığını, həmçinin nəqliyyat marşrutları və idxaldan asılılıqla sıx bağlı olduğunu göstərir.
Hesabatda diqqət çəkilən məqamlardan biri dünya əhalisinin təxminən 95%-nin enerji idxalından asılı olan regionlarda yaşamasıdır. Bu vəziyyət dəniz nəqliyyatının və strateji tranzit nöqtələrinin qlobal iqtisadiyyat üçün əhəmiyyətini daha da artırır.
Qlobal enerji ticarətinin böyük hissəsinin ən azı bir dəniz tranzit qovşağından keçməsi, əhəmiyyətli bir hissəsinin isə geosiyasi baxımdan həssas zonalardan asılı olması tədarük zəncirinin dayanıqlılığı ilə bağlı riskləri artırır.
Bu asılılıq hətta iri enerji ixracatçılarını da risklərdən sığortalamır. Məsələn, Avstraliya böyük sıxılmış təbii qaz ixracatçılarından biri olsa da, dizel yanacağının əhəmiyyətli idxalçısıdır. Bu, enerji məhsullarının ixracından əldə edilən üstünlüyün digər yanacaq növləri üzrə xarici tədarük asılılığını avtomatik aradan qaldırmadığını göstərir.
Hesabatda vurğulanan digər mühüm məqam mövcud təmiz texnologiyaların potensialı ilə bağlıdır. Qiymətləndirməyə əsasən, bu texnologiyalar nəzəri olaraq hazırkı neft və qaz istehlakının təxminən 30%-ni əvəz edə bilər. Bu potensial qlobal energetikanın 2030-cu ilədək mövcud inkişaf trayektoriyası ilə müqayisədə təxminən 10 dəfə yüksək qiymətləndirilir.
Lakin həmin imkanların reallaşması texnologiyaların tətbiq sürətindən, infrastrukturun genişləndirilməsindən, investisiya həcmlərindən və enerji sistemlərinin dəyişikliklərə uyğunlaşmasından asılı olacaq.
Elektrikli nəqliyyat vasitələrinin yayılması, təmiz enerji istehsalının artırılması və enerji səmərəliliyinin yüksəldilməsi neftə tələbatın azaldılmasına töhfə verə bilər. Bununla yanaşı, alternativ enerji mənbələrinin geniş tətbiqi üçün elektrik şəbəkələrinin gücləndirilməsi və enerji saxlama imkanlarının artırılması da vacibdir.
Böhran şəraitində enerji idxal edən və ixrac edən ölkələrin investisiya prioritetləri fərqlənir.
İdxalçı dövlətlər elektromobillərə, təmiz enerji istehsalına, enerji effektivliyinə və strateji ehtiyatların artırılmasına üstünlük verirlər. Məqsəd xarici tədarükdən asılılığı azaltmaq və mümkün fasilələr zamanı daxili tələbatı təmin etməkdir.
İxracatçılar isə hasilatın artırılması, alternativ nəqliyyat marşrutlarının yaradılması və mövcud infrastrukturun genişləndirilməsi istiqamətində addımlar atırlar. Bəzi ölkələr enerji təminatında yaranan riskləri azaltmaq məqsədilə kömürlə işləyən elektrik stansiyalarının fəaliyyət müddətini uzadır və ənənəvi yanacaq infrastrukturuna əlavə vəsait yönəldirlər.
MONETAR.AZ