Oktyabrın 12-də Ümumdünya Artritlə Mübarizə Günü qeyd olunur. Günün əsas məqsədi artrit və digər revmatoloji xəstəliklər barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstəliyin erkən aşkarlanmasının və müalicəsinin əhəmiyyətini diqqətə çatdırmaqdır.
Monetar.az xəbər verir ki, artrit oynaqlarda iltihabla müşayiət olunan xəstəlikdir. Vaxtında müalicə edilmədikdə ağrıya, hərəkət məhdudiyyətinə və əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilər.
Xəstəliyin yaranmasına oynaq travmaları, genetik amillər və bəzi infeksiyalar təsir göstərə bilər. Bununla yanaşı, artritin yaranma səbəbləri və inkişaf mexanizmləri tam öyrənilməyib.
Son illərdə sümük-əzələ sistemi və birləşdirici toxuma xəstəliklərinin yayılması diqqət çəkir. Artrit də insanların gündəlik fəaliyyətinə və həyat keyfiyyətinə mənfi təsir göstərən xəstəliklər sırasındadır.
Mütəxəssislər sağlam həyat tərzinə riayət etməyi, müntəzəm fiziki aktivliyi və balanslı qidalanmanı tövsiyə edirlər. Fiziki hərəkətlər əzələlərin möhkəmlənməsinə və oynaqların hərəkətliliyinin qorunmasına kömək edə bilər.
Artrit əlamətləri müşahidə olunduqda vaxtında həkimə müraciət etmək vacibdir. Erkən diaqnostika və düzgün müalicə xəstəliyin idarə olunmasına, mümkün fəsadların qarşısının alınmasına kömək edir.