Avropa İttifaqı (Aİ) Türkiyədə keçirilməsi planlaşdırılan COP31 İqlim Sammitindən istixana qazı emissiyalarının azaldılmasına yönəlmiş yeni tədbirlər paketini irəli sürmək üçün istifadə etməyi planlaşdırır.
“Reuters” agentliyinin Aİ-nin daxili sənədinə istinadən yaydığı məlumata görə, İrlandiyanın hazırladığı sənəd layihəsində blokun mövcud iqlim öhdəliklərini konkret əməli addımlara çevirmək məqsədilə yeni təşəbbüsləri müdafiə edəcəyi bildirilir.
Aİ-nin əsas təkliflərindən biri BMT-nin iqlim danışıqları çərçivəsində fəaliyyət göstərən və müddəti bu il başa çatan emissiyaların azaldılması üzrə iş proqramının 2040-cı ilədək uzadılmasıdır. Bu mexanizm ölkələrə istixana qazı emissiyalarının azaldılması yollarını müzakirə etmək və əlavə tədbirlərə ehtiyac olan sahələri müəyyənləşdirmək imkanı verir.
Sənədə əsasən, Aİ ölkələri BMT-nin ötən ay açıqladığı xəbərdarlığa da adekvat reaksiya verməyə çağıracaq. Xəbərdarlıqda dünyanın 2015-ci il Paris İqlim Sazişində nəzərdə tutulan qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq hədəfinə çatmaya biləcəyi vurğulanır.
İrlandiyanın iqlim naziri Darra O’Brayen bildirib ki, ölkəsi qlobal iqlim tədbirləri sahəsində, xüsusilə qazıntı yanacaqlarından mərhələli imtina və elektrikləşməyə keçid istiqamətində praktiki irəliləyişə nail olmaq üçün tərəfdaşlığı gücləndirməyə çalışacaq.
Bununla belə, yeni təşəbbüslərin irəli sürülməsi mürəkkəb geosiyasi şəraitdə baş verir. BMT-nin əvvəlki iqlim danışıqlarında hökumətlər daha sərt tədbirlərlə bağlı razılığa gələ bilməyiblər. İri inkişaf etməkdə olan iqtisadiyyatlar və qazıntı yanacağı istehsalçıları belə addımların iqtisadi artıma mənfi təsir göstərə biləcəyindən narahatdırlar. ABŞ-ın qlobal iqlim danışıqlarından çıxması da beynəlxalq əməkdaşlıq üçün əlavə çətinliklər yaradıb.
Braziliyada keçirilən COP30 sammiti emissiyaların məhdudlaşdırılması üzrə daha sərt öhdəliklər qəbul edilmədən başa çatdıqdan sonra Aİ diplomatları COP31-də fərqli strategiya tətbiq etməyi planlaşdırırlar. Blok mübahisəli məsələlər ətrafında açıq qarşıdurmadan yayınmağa, bunun əvəzinə ölkələrlə onların mövcud iqlim öhdəliklərinin icrası istiqamətində əməkdaşlığa üstünlük verməyə çalışacaq.
Maliyyələşdirmə məsələsi isə danışıqların ən həssas istiqamətlərindən biri olaraq qalır. Daxili sənəddə COP31 çərçivəsində yeni iqlim maliyyələşdirilməsi öhdəliklərinin qəbul edilməsi üçün imkan olmadığı qeyd olunur. Bu mövqe əlavə maliyyə dəstəyinə ehtiyac duyan daha yoxsul ölkələrlə Avropa dövlətləri arasında fikir ayrılıqlarını dərinləşdirə bilər.
Bununla da, Aİ COP31 sammitində əsas diqqəti yeni maliyyə öhdəliklərindən daha çox mövcud iqlim hədəflərinin həyata keçirilməsinə, emissiyaların azaldılması üzrə əməkdaşlığın genişləndirilməsinə və enerji sistemlərinin transformasiyasının sürətləndirilməsinə yönəltməyi nəzərdə tutur.
MONETAR.AZ