Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səslənən fikirlər, imzalanan investisiya sənədləri, müzakirə olunan layihələr, eləcə də Prezident İlham Əliyevin forumda iştirakı və keçirdiyi görüşlər beynəlxalq medianın diqqət mərkəzində olub. Türkiyə, Rusiya, Avropa, Mərkəzi Asiya və digər ölkələrin media orqanları forumun nəticələri və Azərbaycanda investisiya imkanları barədə geniş materiallar yayımlayıblar.
Türkiyənin “SonDurak” media resursunda dərc olunan materialda bildirilib ki, Prezident İlham Əliyevin himayəsi ilə keçirilən forum çərçivəsində ümumi dəyəri 10,8 milyard dollar olan 23 investisiya sənədi imzalanıb. Yazıda Azərbaycanın Orta Dəhliz kimi mühüm layihələrdə iştirakının ölkənin iqtisadi potensialını artırdığı və investorların Azərbaycana sərmayə yatırmaq niyyətində olduğu qeyd edilib.
“Haberler.com” saytında isə Azərbaycanın Avropa ilə Asiya arasında böyük tranzit potensialına malik olduğu vurğulanıb. Materialda qeyd olunub ki, son illərdə yaradılan nəqliyyat infrastrukturu gələcəkdə ölkənin iqtisadi inkişafı üçün geniş imkanlar formalaşdırıb. Sayt Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara da diqqət çəkib.

“Bloomberg” İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji sektorunda əldə olunan razılaşmanı ön plana çıxarıb. Bildirilib ki, SOCAR, Fransanın “TotalEnergies” şirkəti və mərkəzi Əbu-Dabidə yerləşən “XRG” arasında aparılan danışıqların nəticəsi olaraq “Abşeron” qaz-kondensat yatağına sərmayə qoyulması ilə bağlı razılıq əldə edilib. Materialda qeyd olunub ki, yataqdan qarşıdakı üç il ərzində əlavə 5 milyard kubmetr təbii qaz hasil edilməsi nəzərdə tutulur.

Qırğızıstanın Milli İnvestisiya Agentliyinin saytında yayımlanan materialda isə forum çərçivəsində türk dövlətləri arasında qarşılıqlı investisiyaların artırılması məsələsinin müzakirə edildiyi bildirilib. Qeyd olunub ki, türk dövlətlərinin investisiya agentlikləri arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin hazırlanaraq həyata keçirilməsi və dünya maliyyə bazarında daha fəal iştirakla bağlı razılıq əldə olunub.
“Akşam” qəzetinin elektron platformasında Azərbaycanın alternativ və bərpaolunan enerji potensialına diqqət çəkilib. Yazıda Prezident İlham Əliyevin ölkədə alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə məsələsinə xüsusi önəm verdiyi bildirilib. Materialda Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat həcmində alternativ enerji istehsalı potensialının olduğu qeyd edilib və bu istiqamətdə görülən işlərə diqqət yetirilib.
Rusiyanın TASS İnformasiya Agentliyi isə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun forum çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: çağırışlar və imkanlar” mövzusunda sessiyadakı çıxışına istinad edib. Agentliyin materialında bildirilib ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi planlaşdırılır.
Qeyd olunub ki, ümumi ötürmə gücü 4 QVt olacaq layihənin texniki-iqtisadi əsaslandırılması onun həyata keçirilməsinin mümkünlüyünü təsdiqləyib. Dəhlizin 2032-ci ildən mərhələli şəkildə istifadəyə verilməsi, tam gücünə isə 2040-cı ilə qədər çatdırılması planlaşdırılır.
“Financial One” portalı forum çərçivəsində imzalanan sənədlərin əhatə etdiyi sahələri diqqətə çatdırıb. Materialda bildirilib ki, razılaşmalar süni intellekt, enerji, o cümlədən bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su idarəçiliyi istiqamətlərində layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Portal forumda müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, qlobal investorların, beyin mərkəzlərinin və işgüzar dairələrin nümayəndələrinin iştirak etdiyini qeyd edib. Müzakirələrdə Azərbaycan və region üçün investisiya perspektivləri, Orta Dəhlizin inkişafı, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik kimi məsələlərin müzakirə olunduğu vurğulanıb.
“Ритм Евразии” analitik portalında dərc olunan materiallarda isə “The European House – Ambrosetti”nin baş direktoru və idarəedici tərəfdaşı Valerio De Mollinin forumda “Azərbaycan və Cənubi Qafqaz: İnvestisiyaların artımı üçün mərkəz” mövzusunda təqdimatla çıxış etdiyi bildirilib. Təqdimatda Azərbaycanın və Cənubi Qafqazın investisiyaların artırılması üçün potensialı, regional əlaqələri və regionun qlobal iqtisadi sistemdə artan rolu diqqətə çatdırılıb.
Türkiyənin “İşçi Haber” saytında forum çərçivəsində 10,8 milyard dollar həcmində investisiya sənədlərinin imzalanmasının Azərbaycanın iqtisadi potensialını nümayiş etdirdiyi bildirilib. Materialda müxtəlif sahələri əhatə edən sənədlərin gələcəkdə ölkə iqtisadiyyatının inkişafına töhfə verə biləcəyi qeyd olunub. Sayt forumda iştirak edən beynəlxalq şirkətlərin öz aralarında da əməkdaşlıq razılaşmaları əldə etdiyini və tədbirin xarici şirkətlər üçün yeni əməkdaşlıq imkanları yaratdığını vurğulayıb.
“Star” qəzetinin elektron variantında isə Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlərə diqqət ayrılıb. Materialda qeyd olunub ki, dövlət başçısı uzunmüddətli və davamlı iqtisadi artım üçün neft və təbii qazdan əlavə digər sektorların potensialının qiymətləndirilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, bərpaolunan enerji, logistika, nəqliyyat, elektrik enerjisi ixracı və mədənçilik gələcəkdə Azərbaycan iqtisadiyyatının mühüm hərəkətverici qüvvələrinə çevrilə bilər.

Məqalədə Azərbaycanın etibarlı investisiya məkanı kimi təqdim olunduğu və ölkəyə sərmayə qoymaq istəyən şirkətlərin sayının artdığı qeyd edilib. Son 20 il ərzində Azərbaycana təxminən 350 milyard dollar sərmayə yatırıldığı da diqqətə çatdırılıb.
“Yeni Dönəm” saytı isə Prezident İlham Əliyevin forumdakı çıxışında Azərbaycanın tranzit potensialı ilə bağlı səsləndirdiyi fikirlərə geniş yer verib. Materialda dövlət başçısının Azərbaycandan keçən tranzit yük daşımalarında sürətli artım olduğunu və bu il həcmin 16 milyon tona çatacağını bildirdiyi qeyd olunub. Prezidentin sözlərinə görə, məqsəd 2030-cu ilə qədər həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutları üzrə tranzit yükdaşımaların həcmini 25 milyon tona, hətta daha yüksək səviyyəyə çatdırmaqdır.
Saytda Azərbaycanın bu hədəflərə çatmaq üçün qonşu ölkələrlə fəal əməkdaşlıq etdiyi də vurğulanıb. Materialda Prezident İlham Əliyevin regionda apardığı siyasətin bu planların reallaşdırılması baxımından əhəmiyyətinə də diqqət yetirilib.
Beləliklə, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun beynəlxalq mediada geniş işıqlandırılması tədbirin yalnız imzalanan investisiya sənədləri ilə deyil, Azərbaycanın nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə investisiya imkanlarının təqdim edilməsi baxımından da diqqət çəkdiyini göstərib.