28 Sentyabr Ümumdünya Quduzluqla Mübarizə Günüdür

28 Sentyabr Ümumdünya Quduzluqla

Sentyabrın 28-i Ümumdünya Quduzluqla Mübarizə Günüdür. Quduzluq həm insanlarda, həm də heyvanlarda rast gəlinən və mərkəzi sinir sistemini zədələyən təhlükəli virus xəstəliyidir.

Monetar.az xəbər verir ki, quduzluq əsasən xəstə heyvanların tüpürcəyi vasitəsilə, xüsusilə dişləmə və cırmaqlama zamanı insanlara keçir. Xəstəliyə itlərlə yanaşı, pişik, canavar və tülkü kimi heyvanlardan da yoluxmaq mümkündür.

Quduzluğun əsas əlamətləri arasında sudan və işıqdan qorxma, yüksək hərarət, udqunmanın çətinləşməsi və psixonevroloji pozuntular yer alır. Xəstəlik vaxtında profilaktik tədbir görülmədikdə ağır nəticələrə səbəb ola bilər.

Heyvan dişlədikdə və ya cırmaqladıqda yaranı dərhal sabun və bol təmiz su ilə yumaq, daha sonra isə vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur. Belə hallarda quduzluğa qarşı peyvəndlənmə zərurəti həkim tərəfindən qiymətləndirilir.

Quduzluqdan qorunmaq üçün ev heyvanlarının vaxtında peyvənd edilməsi və sahibsiz heyvanlarla təmasdan çəkinmək vacibdir. Sahibsiz it və pişiklərin peyvəndlənməsi, sterilizasiyası və baytar nəzarətində saxlanılması da xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.