Bakı və Abşeron yarımadasının su təchizatı: mövcud vəziyyət və strateji çağırışlar

Bakı və Abşeron yarımadasının su təchizatı:

Lakin iqlim dəyişikliyi nəticəsində yağıntı və su ehtiyatlarının dəyişkənliyi, eləcə də urbanizasiya və sənayeləşmə suya tələbatı davamlı şəkildə artırır. Eyni zamanda, yağış və tullantı sularının təmizlənməsində və idarə olunmasında mövcud çatışmazlıqlar, kanalizasiya sistemlərinin bir çox hissəsinin müasir standartlara cavab verməməsi vəziyyəti daha da çətinləşdirir. Bu faktorlar Bakı şəhərində və Abşeron yarımadasında fasiləsiz və dayanıqlı su
təminatı sahəsində müəyyən çətinliklər yaradır. Nəticədə, içməli su təchizatı, tullantı suları sistemləri və yağış suları sistemləri sahələrində köhnəlmiş infrastruktur və təchizat, habelə idarəetmə sistemlərinin təkmilləşdirilməsi zərurəti ön plana çıxır. Belə ki, Bakı şəhərində və Abşeron yarımadasında içməli su təchizatı sistemlərinin mühüm hissəsi ötən əsrin əvvəllərində qurulmuş və uzunmüddətli istismar nəticəsində texniki baxımdan köhnəlmişdir. Əhalinin və məskunlaşma ərazilərinin sürətli artımı mövcud infrastrukturun yüklənməsini artıraraq, içməli su təchizatında fasiləsizliyin və keyfiyyətin təmin olunmasına ciddi maneə yaratmışdır.

Hazırda Bakı şəhərinin və Abşeron yarımadasının içməli su təchizatı 5 əsas magistral kəmər vasitəsilə həyata keçirilir. Lakin artan tələbat və infrastrukturun aşınması su təminatı potensialının artırılması zərurətini gündəmə gətirir.

Paytaxtın su infrastrukturunun əsasını təşkil edən kəmərlərin hər birinin özünəməxsus istismar xüsusiyyətləri mövcuddur:

Birinci Bakı Su Kəmərləri (Şollar)

1911–1917-ci illərdə inşa edilmiş bu tarixi kəmərin məhsuldarlığı 1930-cu illərdə aparılan texniki tədbirlər nəticəsində gündəlik 109 min kubmetrə çatdırılmışdır. Yeraltı suların zərərsizləşdirilməsi ilə işləyən kəmərdə uzunmüddətli istismar səbəbindən ötürülən suyun həcmində azalma müşahidə olunur.

İkinci Bakı Su Kəmərləri (Xaçmaz)

1934–1958-ci illərdə tikilmiş kompleksin məhsuldarlığı gündə 235 min kubmetr təşkil edir. Qlobal iqlim dəyişikliyi bu mənbənin də məhsuldarlığına mənfi təsir göstərmişdir.

Ceyranbatan Su Kəmərləri

Ümumi məhsuldarlığı gündəlik 670 min kubmetr olan bu kompleks xam suyun emalı üzrə ixtisaslaşıb. 2011–2015-ci illərdə tikilən sonuncu mərhələnin (570 min m³/gün) yüksək göstəricilərinə baxmayaraq, əvvəlki mərhələlərdəki qurğuların yenilənməsi ehtiyacı artmışdır.

Kür Su Kəmərləri Kompleksi

 Hacıqabul rayonunda yerləşən Kür-1 və Kür-2 kəmərləri gündə 820 min kubmetr su emalı gücünə malikdir. Lakin yüksək texniki itkilər səbəbindən faktiki istifadə həcmi nəzərəçarpacaq dərəcədə azalmışdır.

Oğuz−Qəbələ−Bakı Su Kəməri

 Oğuz rayonunun yüksəkkeyfiyyətli yeraltı sularını paytaxta çatdıran bu kəmərin məhsuldarlığı 432 min m³/gün təşkil edir. Kəmərin bəzi hissələrinin qəzalı vəziyyətdə olması su təchizatında müəyyən fasilələrə səbəb olur.

Təhlillər göstərir ki, Bakı və Abşeron yarımadasının artan su tələbatının tam qarşılanması baxımından mövcud magistral kəmər komplekslərinin potensialı tükənmək üzrədir. Mütəxəssislər qeyd edirlər ki, su təhlükəsizliyinin təmin edilməsi üçün həm mövcud kəmərlərin modernləşdirilməsi, həm də alternativ su mənbələrindən istifadə strateji əhəmiyyət kəsb edir.

MONETAR.AZ