İntensiv yağışların yaratdığı problemlərin həlli üçün yeni sistemlər qurulacaq

İntensiv yağışların yaratdığı problemlərin

İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin qurulması planlaşdırılır.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib.

ADSEA sədri qeyd edib ki, Bakı şəhərində 30 küçə üzrə yeni yağış suları sistemlərinin tikintisi nəzərdə tutulur. Onun sözlərinə görə, ilkin mərhələdə bu layihələr üzrə texniki-iqtisadi əsaslandırmalar hazırlanacaq, növbəti mərhələdə isə icra işlərinə başlanılacaq. Görüləcək tədbirlər şəhər mərkəzində intensiv yağıntılar zamanı yaranan əsas problemlərin aradan qaldırılmasına xidmət edəcək.

Zaur Mikayılov xatırladıb ki, 2025-ci ilin aprel ayında Bakıda son 60 ildə müşahidə olunmayan intensivlikdə yağışlar yağıb. O bildirib ki, 100 ildə və ya 1000 ildə bir baş verə biləcək leysan yağışlarını hər hansı bir infrastruktur sisteminin tam şəkildə qarşılaya bilməsi mümkün deyil. Bununla belə, normativlərə uyğun və normadan bir qədər artıq yağıntıların idarə edilməsi üçün yeni sistemlərin qurulması zəruri hesab olunur.

Qeyd edilib ki, problemli küçələrin siyahısı artıq müəyyənləşdirilib və proses mərhələli şəkildə davam etdirilərək daha uyğun əraziləri də əhatə edəcək.

ADSEA sədri vurğulayıb ki, tikinti və layihələndirmə işləri ilə yanaşı, yağış və su sistemlərinin düzgün uçotunun aparılması və rəqəmsallaşdırılması əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, sistemlər genişləndikcə yalnız insan resursları ilə tam nəzarətin mümkün olmaması nəzərə alınaraq, Bakı şəhəri və Abşeron yarımadasında proqram təminatları, yeni SCADA sistemləri və IoT (internet texnologiyaları) əsasında nəzarət mexanizmləri tətbiq olunacaq.

Zaur Mikayılov bildirib ki, bu texnologiyalar hesabına uçot sistemi elektronlaşdırılacaq, insan amilinin rolu minimuma endiriləcək, suyun keyfiyyət göstəriciləri isə onlayn rejimdə monitorinq olunacaq. Bu yanaşma sızmaların və su itkilərinin operativ şəkildə aşkarlanmasına və vaxtında müdaxilə edilməsinə imkan verəcək.

Eyni zamanda, istismar qurumlarının maddi-texniki bazasının gücləndiriləcəyi, qəza və nasazlıqlara daha çevik reaksiya verilməsi üçün müvafiq tədbirlərin görüləcəyi də diqqətə çatdırılıb.

MONETAR.AZ