Şərqi Asiyanın ən nüfuzlu turizm platformalarından biri olan Şanxaydakı “ITB China 2026” beynəlxalq sərgisində Azərbaycanın turizm potensialı böyük zəfərə imza atıb. Ölkəmiz qlobal səyyahlar və sənaye ekspertləri tərəfindən yüksək qiymətləndirilərək “Must-Visit Destination 2026” (2026-cı ildə mütləq ziyarət edilməli turizm məkanı) mükafatına layiq görülüb.
Dünyanın nəhəng turizm platformalarından sayılan "Trip.com" tərəfindən təsis edilən bu mötəbər mükafat, sərgi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə təntənəli şəkildə təqdim edilib.
Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə genişmiqyaslı tanıtım kampaniyasına start verilib. "Azərbaycan Hava Yolları" (AZAL) və ölkənin turizm sektorunu təmsil edən 6 aparıcı nümayəndə heyətinin iştirakı ilə Çin Xalq Respublikasının Sian, Şanxay və Pekin şəhərlərində ölkəmizin zəngin turizm imkanları nümayiş etdirilir. Sərgi çərçivəsində keçirilən silsilə tədbirlər və B2B (biznesdən biznesə) formatlı görüşlər hər iki ölkənin sahə mütəxəssisləri arasında birbaşa əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi üçün əvəzsiz platformaya çevrilib.
Uğurlu danışıqların məntiqi nəticəsi olaraq, Azərbaycan Turizm Bürosu ilə Çinin ən böyük onlayn bronlaşdırma şəbəkələrindən biri olan “Tongcheng Travel” arasında rəsmi anlaşma memorandumu imzalanıb. Bu strateji sənəd Azərbaycanın nəhəng Çin bazarında daha aqressiv və geniş miqyasda tanıdılmasını təmin edəcək. Əsas hədəf ölkəmizin təkcə mövsümi deyil, ilboyu cəlbedici və aktiv turizm istiqaməti kimi inkişaf etdirilməsidir.
Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın güclənməsi, xüsusilə də vətəndaşlar üçün tətbiq edilən qarşılıqlı vizasız rejim iki ölkə arasındakı turizm əlaqələrinə birbaşa və güclü təkan verib. Bununla yanaşı, logistik əlçatanlığın maksimuma çatdırılması məqsədilə AZAL və "China Southern Airlines" tərəfindən Bakı–Pekin və Bakı–Urumçi istiqamətlərində həyata keçirilən birbaşa reyslər gediş-gəlişi xeyli asanlaşdırıb.
Atılan bu addımlar qısa müddətdə rəsmi statistika rəqəmlərində də özünü qabarıq şəkildə büruzə verməyə başlayıb.
2026-cı ilin yanvar–aprel aylarını əhatə edən rəsmi hesabata görə, Çindən Azərbaycana gələn səyyahların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 9,5% artaraq 14 303 nəfərə yüksəlib. Müttəfiqlik və yeni müqavilələr fonunda bu artım tempinin ilin sonuna qədər rekord həddə çatacağı gözlənilir.