Xiaomi beynəlxalq bazarda flaqman Xiaomi TV S Mini LED 2026 televizor seriyasını təqdim edib. Televizorlar diaqonalı 55 düymdən 98 düymədək olan QD-Mini LED panellərlə təchiz olunub. Bu barədə GizmoChina məlumat yayıb.
Bütün modellər 4K təsvir ölçülü (3840×2160 piksel) matrislərə malikdir və 94% DCI-P3 rəng məkanını əhatə etməklə 1200 nitədək pik parlaqlıq təklif edir. Televizorlar HDR10+, HLG formatlarını, Filmmaker rejimini və hərəkətin hamarlaşdırılması üçün MEMC texnologiyasını dəstəkləyir.
55, 65 və 75 düymlük modellər 60 Hz yenilənmə tezlikli panellərlə təchiz edilib. 85 və 98 düymlük versiyalar isə xüsusilə oyunçulara yönəlib: onlar 144 Hz-ə qədər yenilənmə tezliyi və Dolby Vision dəstəyi təqdim edir.
Seriya Google TV əməliyyat sistemi ilə işləyir və Android tətbiqlərini dəstəkləyir. Daxili audio sistemi hər biri 15 Vt gücündə iki dinamikdən ibarətdir, böyük modellər əlavə olaraq Dolby Atmos dəstəyinə malikdir.
İnterfeyslər də modellər üzrə fərqlənir. Kiçik versiyalarda iki HDMI 2.0 və bir HDMI 2.1 portu, eləcə də Wi-Fi 5 və Bluetooth 5.0 mövcuddur. Böyük modellər isə üç HDMI 2.1 portu, Wi-Fi 6 və Bluetooth 5.2 ilə təchiz edilib.
2026 seriyasının qiymətləri hələ açıqlanmayıb. Müqayisə üçün qeyd edək ki, əvvəlki nəsil Avropa bazarında €599 qiymətindən satışa çıxmışdı.
MONETAR.AZ