2025-ci ilin yanvar-oktyabr aylarında ev təsərrüfatlarına verilən kredit portfelinin həcmində əhəmiyyətli dinamika müşahidə olunub.
Mərkəzi Bankın məlumatına görə cəmi kredit qoyuluşu yanvar ayında 16 milyard 475 milyon 200 min manat təşkil etdiyi halda,oktyabr ayında bu rəqəm 17 milyard 868 milyon 900 min manata yüksəlib. Beləliklə, hesabat dövrü ərzində ev təsərrüfatlarına verilən kreditlərin ümumi həcmi 1 milyard 393 milyon 700 min manat və ya 8,5 faiz artıb.
Bu artım əsasən manatla verilən kreditlərin hesabına baş verib. Yanvar ayında 16 milyard 165 milyon manat təşkil edən manatla kreditlər oktyabr ayında 17 milyard 625 milyon 600 min manata çatıb ki, bu da 1 milyard 460 milyon 600 min manat və ya 9 faiz artım deməkdir.
Eyni zamanda kredit portfelinin valyuta ilə olan hissəsində azalma müşahidə olunub. Yanvar ayında 310 milyon 200 min manat olan valyuta ilə verilən kreditlər oktyabr ayında 243 milyon 300 min manata enərək 66 milyon 900 min manat və ya 22 faiz azalıb.
Bundan əlavə, ödəniş kartları ilə verilən kreditlərdə də ümumi azalma müşahidə olunub. Kart kreditlərinin həcmi yanvar ayındakı 1 milyard 391 milyon 700 min manat-dan oktyabrda 1 milyard 325 milyon 700 min manata düşərək 66 milyon manat azalıb. Bu azalmanın böyük hissəsi, yəni 61 milyon 100 min manatı milli valyutada verilən kart kreditlərinin payına düşmüş, valyuta ilə verilən kart kreditləri isə 4 milyon 900 min manat azalmışdır.
MONETAR.AZ