Yelo Bank 9 faizlə krediti bir il müddətinə verir - komissiya da varmış

Yelo Bank 9 faizlə krediti bir il müddətinə verir

Yelo Bank Yeni il kampaniyası çərçivəsində nağd pul krediti illik 9 %-dən başlayan faizlərlə təqdim olunur. Reklam materiallarında bütün imkanlar cəlbedici görünür: 59 aya qədər sərfəli ödənişlər, mobil müraciət imkanı, pulsuz çatdırılma və sürətli təsdiq vəd edilir.

Monetar.az məsələ ilə əlaqədar bankla əlaqə saxlayıb. Bankdan bildirilib ki, reklamda göstərilən illik 9% faiz yalnız bir illik kreditlərə şamil olunur. Kredit müddəti uzandıqca faiz dərəcələri də adekvat olaraq artır. Bu o deməkdir ki, uzunmüddətli kredit götürən borcalanlar üçün real illik faiz reklamda göstəriləndən daha yüksək olacaq.

Bundan əlavə,  kreditin rəsmiləşdirilməsinə görə 3 faizədək komissiya haqqı  tutula bilər.  

Bank həmçinin vurğulayıb ki, mobil müraciət və sürətli təsdiq imkanları kredit prosesini asanlaşdırır. Yelo App vasitəsilə kredit üçün müraciət edən istifadəçilər 2 dəqiqədən az vaxt ərzində ilkin təsdiq ala bilər və vəsait ya mövcud Yelo kartına köçürülür, ya da kart şəklində ünvana pulsuz çatdırılır.

Ekspertlər bildirirlər ki, bu kampaniya cəlbedici görünməsinə baxmayaraq, borcalanların kredit şərtlərinin bütün detallarını – xüsusilə faiz artımını və komissiyaları – diqqətlə nəzərdən keçirməsi vacibdir.