Milli Depozit Mərkəzi (MDM) kapital bazarında Vahid Hesablaşma Modelinin tətbiqinə hazırlaşır. Bu modelin tətbiqi əməliyyatların icrasında etibarlılığı və hesablaşma prosesinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaqdır.
Bu barədə MDM İdarə Heyətinin üzvü Ramin Nurəhmədov Bakıda keçirilən XX Beynəlxalq Xəzər İnvestisiya Forumunda çıxışı zamanı məlumat verib.
MDM rəsmisi hazırda Bakı Fond Birjasında (BFB) aparılan bütün ticarət əməliyyatları üzrə klirinq prosedurlarının Mərkəz tərəfindən icra olunduğunu bildirib. Qiymətli kağızların hesablaşmaları MDM-də, investisiya şirkətləri üzrə pul hesablaşmaları isə Hesablaşma Agentləri və Mərkəzi Bank tərəfindən həyata keçirilir.
Ramin Nurəhmədov qeyd edib ki, qəbul edilmiş inkişaf strategiyasına uyğun olaraq, gələcəkdə kapital bazarında qiymətli kağız əməliyyatları üzrə maliyyə xidmətlərinin tam şəkildə MDM tərəfindən göstərilməsi və vahid hesablaşma agenti funksiyasının həyata keçirilməsi planlaşdırılır.
"Bununla bütün hesablaşmaların mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə tutulur", – deyə o vurğulayıb.
Mərkəz bu məqsədlə beynəlxalq təcrübəni, xüsusilə Türkiyə, Qazaxıstan və Rusiyada tətbiq olunan mərkəzləşdirilmiş klirinq institutlarının modelini təhlil edib. Həmin ölkələrdə vahid klirinq qurumları həm qiymətli kağız, həm də pul hesablaşmalarını icra edir və ticarət limitlərini müəyyənləşdirir.
R. Nurəhmədov Mərkəzi Bankın dəstəyi ilə hazırlanan Vahid Hesablaşma Modelinin bazar iştirakçıları ilə bir neçə dəfə müzakirə olunduğunu və onların rəy, təkliflərinin nəzərə alındığını bildirib.
Onun sözlərinə görə yeni modelin tətbiqi ticarət öncəsi öhdəliklərin MDM tərəfindən mərkəzləşdirilmiş qaydada təyin edilməsinə şərait yaradacaqdır. Bu isə nəticədə əməliyyatların icrasında etibarlılığı artıracaq və hesablaşma prosesinin səmərəliliyini yüksəldəcəkdir.
Planlaşdırılan maliyyə modulunun depozitar sisteminə inteqrasiya ediləcəyi və MDM üzvlərinin bu sistemə tam API vasitəsilə qoşulmaq imkanı əldə edəcəyi gözlənilir. Ramin Nurəhmədov əlavə edib ki, modelin tam tətbiqi yalnız zəruri testlərin və inteqrasiya proseslərinin uğurla tamamlanmasından sonra mümkün olacaq.
MONETAR.AZ