Airbus təyyarələrin gövdəsində keyfiyyət problemi aşkarlayıb

Airbus təyyarələrin gövdəsində keyfiyyət problemi

“Airbus” şirkəti A321neo təyyarələrinin füzelyaj konstruksiyasında təxminən 500 hava gəmisini əhatə edən keyfiyyət problemi aşkarlayıb. “Reuters”in məlumatına görə, problem hazırda istismarda olan təxminən 250 təyyarəyə və istehsal mərhələsində olan daha 250 təyyarəyə aiddir.

Məsələ ilə tanış mənbənin bildirdiyinə görə, aşkarlanan qüsur uçuşların təhlükəsizliyinə təhdid yaratmır və təyyarələrin istismarını davam etdirməsinə mane olmur.

“Airbus” füzelyaj boyunca uzanan karkas elementlərinə – stringerlərə tətbiq olunan qoruyucu örtükdə müəyyən kənarlaşma aşkar edib. Problem yay aylarında üzə çıxıb və ilk dəfə “AirCurrent” sahəvi nəşri tərəfindən işıqlandırılıb.

Mənbənin məlumatına görə, A321neo modelinin uzaqməsafəli versiyası olan A321XLR təyyarələri bu qüsurdan təsirlənməyib.

Hazırda sifarişçilər təyyarələri əlavə təmir işləri aparılmadan qəbul etməyə davam edirlər. “Airbus” aviaşirkətlərə qüsurun dərhal aradan qaldırılmasına ehtiyac olmadığını bildirib.

Bununla belə, “Reuters” qeyd edir ki, Avropanın müvafiq tənzimləyici orqanları gələcəkdə təyyarələrdə müəyyən müddət ərzində təmir işlərinin aparılmasını məcburi edən direktiv qəbul edə bilər.

Aşkarlanan problem son doqquz ay ərzində A321neo füzelyajının keyfiyyəti ilə bağlı qeydə alınan ikinci haldır.

Ötən ilin dekabrında “Airbus” füzelyaj panellərində qüsurlar aşkar etdiyini açıqlamışdı. Həmin problem də təhlükəsizlik riski kimi qiymətləndirilməmişdi. Lakin qüsurların aradan qaldırılması təyyarələrin tədarükündə bir neçə aylıq gecikmələrə səbəb olmuşdu.

Yeni problemin ortaya çıxması “Airbus”ın dar gövdəli təyyarələrin aylıq istehsalını artırmağa hazırlaşdığı bir vaxta təsadüf edir. Şirkət hazırda aylıq istehsal həcmini təxminən 60 təyyarədən 75 təyyarəyə çatdırmaq üzərində işləyir.

A321neo “Airbus”ın ən çox tələb olunan dar gövdəli təyyarə modellərindən biridir. Bu səbəbdən füzelyaj konstruksiyasında aşkarlanan keyfiyyət probleminin istehsal və tədarük proseslərinə mümkün təsiri aviaşirkətlər və təyyarə istehsalçısının təchizat zənciri tərəfindən diqqətlə izlənilir.

MONETAR.AZ