Çində işdən çıxarılan əməkdaşları süni intellekt əvəz edir

Çində işdən çıxarılan əməkdaşları süni intellekt

Çində işdən çıxarılan əməkdaşların yerini tutmaq üçün nəzərdə tutulmuş Colleague Skill adlı süni intellekt agenti yaradılıb. Bu barədə Zhihu portalı məlumat yayıb. Layihə artıq GitHub platformasında 8300 “ulduz” toplayıb.

Tətbiqin yaradıcısı məhsuldan əməkdaşlarla “soyuq” şəkildə vidalaşmaq üçün istifadə etməyi tövsiyə edir. Sistemə işçinin iş yazışmaları, mesajlarının skrinşotları, layihələri və hazırladığı materiallar yüklənir. Bunun sayəsində süni intellekt həmin əməkdaşı tam şəkildə əvəz edə, hətta onun ünsiyyət tərzini belə təqlid edə bilir.

Zhihu-nun məlumatına görə, işdən çıxarılan əməkdaşlar bildiriblər ki, işlədikləri müddətdə onlardan iş proseslərini və qərarvermə məntiqini ətraflı şəkildə sənədləşdirmək tələb olunurdu. Nəticədə həmin işçilər işdən azad edilib və məhz bu sənədlər süni intellekt köməkçilərinin öyrədilməsi üçün istifadə olunub.

Portal həmçinin əməkdaşların rəqəmsal “dublikatlarının” yazışmalarından skrinşotlar dərc edib. Bu mesajlarda bot özünü işdən çıxarılan əməkdaşın rəqəmsal surəti kimi təqdim edir.