Dünyada çip satışları 1,6 dəfə artıb

Dünyada çip satışları

Dünya üzrə yarımkeçirici məhsulların (çiplərin) satış həcmi fevral ayında ötən ilin eyni dövrü ilə müqayisədə 61,8 faiz artaraq 88,78 milyard ABŞ dollarına çatıb. Bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) məlumat yayıb.

Məlumata görə, göstərici yanvar ayı ilə müqayisədə də 7,6 faiz artım nümayiş etdirib.

Assosiasiyanın prezidenti və icraçı direktoru Con Noyffer bildirib ki, illik müqayisədə artımın əsas drayverləri Asiya-Sakit okean regionu, Şimali və Cənubi Amerika, eləcə də Çin olub. Onun sözlərinə görə, yüksək qlobal tələbin ilin sonunadək davam edəcəyi və ümumi satışların təxminən 1 trilyon dollara çatacağı gözlənilir.

Regional göstəricilərə əsasən, fevral ayında satışlar Şimali və Cənubi Amerikada 59,2 faiz, Avropada 42,3 faiz, Çində 57,4 faiz, Asiya-Sakit okean və digər regionlarda isə 93,5 faiz artıb. Eyni zamanda Yaponiyada satışlarda 0,3 faizlik azalma qeydə alınıb.

Aylıq müqayisədə isə satışlar Şimali və Cənubi Amerikada 12,6 faiz, Avropada 10,2 faiz, Çində 3,6 faiz, Yaponiyada 3 faiz, Asiya-Sakit okean regionunda isə 6 faiz artıb.

Qeyd edək ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyası dünya üzrə yarımkeçirici sənayesində fəaliyyət göstərən ABŞ şirkətlərinin təxminən 99 faizini və digər ölkələrdən istehsalçıların 66 faizini birləşdirir.

MONETAR.AZ