Populyar smartfonların şüalanma səviyyəsinə görə reytinqində Apple-ın iPhone 17 modeli ilk sırada qərarlaşıb. Modelin baş nahiyəsi üçün maksimal xüsusi udulma göstəricisi (SAR) 1,49 Vt/kq təşkil edib. Ən aşağı göstərici isə Samsung Galaxy A16 5G modelində qeydə alınıb - 0,38 Vt/kq.
Monetar.az xəbər verir ki, bu nəticələr Almaniyanın Federal Radiasiyadan Mühafizə İdarəsinin (BfS) məlumatları əsasında Visual Capitalist tərəfindən hazırlanmış araşdırmada əksini tapıb.
Reytinqdə 15 populyar smartfonun baş nahiyəsi və bədən üçün SAR göstəriciləri müqayisə edilib.
İlk iki yeri Apple modelləri tutub. iPhone 17 1,49 Vt/kq göstərici ilə lider olub, iPhone 16e isə 1,48 Vt/kq ilə ikinci sırada qərarlaşıb. Samsung Galaxy Z Fold7 1,40 Vt/kq ilə üçüncü, Galaxy S26 isə 1,21 Vt/kq ilə dördüncü olub.
Xiaomi modellərindən Poco X7 Pro və Xiaomi 17 hər biri 1,00 Vt/kq nəticə göstərib. Google Pixel 9 və Pixel 10 modellərində bu göstərici 0,99 Vt/kq, Motorola Edge 60-da isə 0,95 Vt/kq təşkil edib.
Reytinqin son pillələrində Samsung modelləri yer alıb. Galaxy A56 5G-nin SAR göstəricisi 0,61, Galaxy A26 5G-nin 0,41, Galaxy A16 5G-nin isə 0,38 Vt/kq olub.
Samsung-un modelləri arasında da ciddi fərq müşahidə edilir. Galaxy Z Fold7-nin baş nahiyəsi üçün SAR göstəricisi Galaxy A16 5G ilə müqayisədə təxminən 3,7 dəfə yüksəkdir.
Araşdırmada smartfonların bədənə yaxın məsafədə ölçülən SAR göstəriciləri də müqayisə olunub. Bu ölçmələr bəzi modellərin sıralamasını dəyişir.
Məsələn, Google Pixel 9-un baş nahiyəsi üçün göstəricisi 0,99 Vt/kq olduğu halda, bədən üçün 1,40 Vt/kq təşkil edir. Motorola Razr 60-da isə bu rəqəmlər müvafiq olaraq 0,84 və 1,39 Vt/kq olub.
Mütəxəssislər bildirirlər ki, SAR göstəricisi telefonun laboratoriya şəraitində standartlaşdırılmış sınaqlar zamanı toxumalar tərəfindən udulan radiotezlik enerjisinin maksimal səviyyəsini ölçür. Bu rəqəm gündəlik istifadə zamanı faktiki şüalanma səviyyəsini və ya sağlamlıq riskini birbaşa göstərmir.