Kibertəhlükəsizlik sahəsində texnologiyalar inkişaf etsə də, zəif şifrələr və istifadəçi səhlənkarlığı hesabların ələ keçirilməsində əsas risk amillərindən biri olaraq qalır. “Kaspersky” mütəxəssislərinin açıqlamasına görə istifadəçilərin sadə və təkrarlanan şifrələrdən istifadə etməsi, eyni şifrəni bir neçə platformada tətbiq etməsi və giriş məlumatlarını qorunmayan fayllarda saxlaması kibercinayətkarlar üçün ciddi imkanlar yaradır.
Şirkət bildirir ki, bir platformada sızan məlumatlar digər hesabların da ələ keçirilməsinə səbəb ola bilər. Xüsusilə sosial media və mesajlaşma tətbiqlərində bu risk daha yüksək qiymətləndirilir.
Mütəxəssislər qeyd edir ki, şifrələrin qeyd dəftərlərində, telefon qeydlərində və ya sadə sənədlərdə saxlanılması təhlükəsiz deyil. Cihazın zərərli proqramlarla yoluxması və ya ələ keçirilməsi halında bu məlumatlar asanlıqla istifadə oluna bilər.
“Kaspersky” hesabların qorunması üçün istifadəçilərə 6 əsas tövsiyə təqdim edir: hər xidmət üçün fərqli və uzun şifrələrdən istifadə etmək, şifrələrdə şəxsi məlumatlar və sadə kombinasiyalardan qaçmaq, mümkün olduqda ikifaktorlu identifikasiyanı aktivləşdirmək, şifrələri heç kimlə paylaşmamaq və açıq şəkildə saxlamamaq, onları mütəmadi olaraq dəyişdirmək və ən azı üç ayda bir yeniləmək, həmçinin Kaspersky Password Manager kimi şifrə menecerlərindən istifadə etmək.
Şirkətin Azərbaycan üzrə nümayəndəsi Müşviq Məmmədov bildirib ki, istifadəçilər çox vaxt yadda qalması asan olan, lakin təhlükəsizlik baxımından zəif şifrələr seçirlər. Onun sözlərinə görə, eyni şifrənin müxtəlif xidmətlərdə istifadəsi xüsusilə təhlükəlidir, çünki bir platformadakı sızma digər hesabların da risk altına düşməsinə səbəb olur.
Mütəxəssislər vurğulayırlar ki, güclü şifrə rəqəmsal təhlükəsizliyin əsas xəttidir, lakin təkcə texniki vasitələr deyil, istifadəçi vərdişləri də şəxsi və korporativ məlumatların qorunmasında həlledici rol oynayır.
MONETAR.AZ