Çin sosial media nəhəngi ByteDance ölkə xaricində Nvidia şirkətinin ən yeni Blackwell çiplərindən istifadə etməklə bulud infrastrukturu qurur. Bu barədə The Wall Street Journal məlumatlı mənbələrə istinadən xəbər verib.
Məlumata görə, ByteDance Cənub-Şərqi Asiyada fəaliyyət göstərən Aolani Cloud şirkəti ilə birlikdə Malayziyada ən azı 500 Nvidia Blackwell serverindən istifadə etməyi planlaşdırır. Bu serverlər ümumilikdə təxminən 36 min B200 çipindən ibarət olacaq.
Hesabatda qeyd olunur ki, Aolani Cloud serverləri Nvidia çipləri əsasında prosessorları yığan Aivres şirkətindən alır.
ABŞ hökuməti Nvidia-ya qabaqcıl süni intellekt çiplərini Çinə satmağı qadağan edib. Buna baxmayaraq, Çin şirkətləri bu məhdudiyyətləri aşmaq üçün ölkə xaricində məlumat mərkəzləri yaratmağa çalışırlar. Bu ilin əvvəlində yayılan məlumatlarda bildirilirdi ki, ByteDance B200 çiplərindən İndoneziyadakı mərkəzində də istifadə edir.
TikTok platformasının sahibi olan ByteDance qlobal miqyasda rəqabət aparmaq üçün süni intellekt sahəsində fəaliyyətini genişləndirir. Şirkət həm Çində, həm də xaricdə bir neçə AI tətbiqi təqdim edib və onun Seedance adlı süni intellektlə video generasiya modeli yaxın vaxtlarda internetdə geniş yayılıb.
MONETAR.AZ