2025-ci ildə dünyanın bir çox ölkəsində hökumətlər internetə çıxışa məhdudiyyətlər tətbiq etməyə davam edib. Məlumata görə, bu addımların əsas səbəbi siyasi gərginlik və ictimai narazılıqlar olub.
Beynəlxalq kibertəhlükəsizlik şirkəti Surfshark tərəfindən açıqlanan statistikaya əsasən, ötən il internet məhdudiyyətlərinin böyük hissəsi siyasi sabitsizliklə əlaqəli olub. Belə ki, 25 regional internet kəsilməsi və 16 ölkə üzrə ümumi internet dayandırılması siyasi gərginliklə bağlı qeydə alınıb. Bundan əlavə, 10 halda sosial şəbəkələrə giriş bloklanıb.
Etiraz aksiyaları da internet məhdudiyyətlərinə səbəb olan əsas amillərdən biri olub. Bu çərçivədə 13 regional internet kəsilməsi və 3 sosial şəbəkə bloklanması baş verib.
Seçkilər dövründə isə hökumətlər informasiya axınına nəzarəti gücləndirmək məqsədilə müxtəlif məhdudiyyətlər tətbiq ediblər. 2025-ci ildə seçkilərlə bağlı 6 ölkə üzrə ümumi internet dayandırılması və 5 sosial şəbəkə bloklanması qeydə alınıb.
Məhdudiyyətlərə veb-saytların bloklanması, sosial şəbəkə və mesajlaşma platformalarına girişin məhdudlaşdırılması, həmçinin regional və ya ölkə üzrə internetin tam dayandırılması kimi tədbirlər daxildir.
Statistikaya görə, bu cür halların əksəriyyəti Asiya və Afrikada müşahidə olunub. Asiyada 10 ölkə 2025-ci ildə ümumilikdə 56 yeni məhdudiyyət tətbiq edib. Afrikada isə 8 ölkədə 20 belə hal qeydə alınıb.
Ən çox internet məhdudiyyəti tətbiq edən ölkə Hindistan olub. Bu ölkədə il ərzində 24 belə hadisə baş verib. Digər tərəfdən İraq, Əfqanıstan və İran da gərginlik və etirazlar zamanı internetə çıxışı dəfələrlə məhdudlaşdıran ölkələr arasında yer alıb.
Mütəxəssislər hesab edirlər ki, internetə məhdudiyyətlər əsasən informasiya axınına nəzarət və ictimai proseslərə təsirin azaldılması məqsədi daşıyır.
MONETAR.AZ