Yaddaş çiplərinin qiymətləri 2026-cı ilin üçüncü rübündə bazardakı təklif qıtlığı fonunda kəskin bahalaşıb.
“Bernstein” analitik şirkətinin hesabatına görə, yaddaş çiplərinin qiymətləri ikinci rüblə müqayisədə 20 faizə yaxın artıb. Artım tempi əvvəlki rüblə müqayisədə bir qədər zəifləsə də, qiymətlərin yüksəlişi tarixi orta göstəricilərdən yüksək olaraq qalıb.
Müqavilə qiymətləri üzrə məlumatlar göstərir ki, üçüncü rübdə həm DRAM, həm də NAND yaddaş çipləri bahalaşıb.
“Bernstein” hesab edir ki, yaddaş bazarında təklif çatışmazlığı süni intellekt tətbiqlərindən qaynaqlanan yüksək tələbatın təsiri ilə daha da dərinləşir. Analitiklər məhdud təklifin 2026-cı ilin dördüncü rübündə yaddaş çiplərinin qiymətlərinin yenidən artmasına səbəb olacağını proqnozlaşdırırlar.
Hesabatda bildirilir ki, qıtlıq və qiymət artımı 2027-ci ildə də davam edə bilər. Bununla belə, uzunmüddətli müqavilələrdə qiymət məhdudiyyətləri, eləcə də həm süni intellekt, həm də digər tətbiqlər üçün yaddaş xərclərinin yüksək olması gələcək bahalaşmanın miqyasını məhdudlaşdıra bilər.
Tədqiqat şirkətinin qiymətləndirməsinə görə, süni intellektin inkişafı ilə bağlı tələbat yaddaş çipləri bazarında mövcud təklifi üstələməkdə davam edir. Eyni zamanda, AI ilə əlaqəli olmayan sektorlar da yaddaş komponentlərinin bahalaşması səbəbindən artan xərc təzyiqi ilə üzləşirlər.
MONETAR.AZ