Amazon ən azı 1000 iş yerini ixtisar edir

Amazon ən azı 1000 iş yerini

“Amazon” süni intellekt infrastrukturuna investisiyalarını artırdığı bir vaxtda yeni ixtisar dalğasını təsdiqləyib. Şirkətin bildirdiyinə görə, son dəyişikliklər əsasən pərakəndə satış üzrə “Stores” bölməsini əhatə edir.

“Business Insider”in məsələ ilə tanış mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ, Hindistan və Böyük Britaniyada 1000-dən az ofis əməkdaşı ixtisarlardan təsirlənəcək.

Məlumata əsasən, ləğv edilən vəzifələr arasında müştəri xidmətləri, “Marketplace” platformasının dəstəyi və pərakəndə əməliyyatlarla bağlı mühəndis vəzifələri də var. Şirkət rəhbərliyi dəyişikliklərin “Stores” biznesinin müəyyən hissəsinin mövcud strateji prioritetlərə uyğunlaşdırılması məqsədi daşıdığını bildirib.

Yeni ixtisarlar baş icraçı direktor Endi Cassinin şirkətdə idarəetmə səviyyələrinin azaldılması, təşkilati strukturun sadələşdirilməsi və xərclərin optimallaşdırılması strategiyası fonunda həyata keçirilir.

Şirkət ötən ilin sonu və bu ilin yanvarında korporativ bölmələrdə ümumilikdə təxminən 30 min iş yerinin ləğv edildiyini açıqlamışdı.

Son qərar əməkdaşlar arasında da qeyri-müəyyənlik yaradıb. Daxili yazışmalarda kompensasiya paketləri, digər vakant vəzifələrə keçid imkanları və yeni ixtisarların olub-olmayacağı ilə bağlı sualların səsləndirildiyi bildirilir. Bəzi menecerlərin isə komandalarda və prioritetlərdə mümkün dəyişikliklər səbəbindən növbəti rüblər üzrə planlaşdırmanı məhdudlaşdırdığı qeyd olunur.

“Amazon” isə ixtisarların məhdud sayda vəzifəni əhatə etdiyini və təsirlənən əməkdaşlara keçid dövründə lazımi dəstəyin göstəriləcəyini bildirib.

“Amazon”da baş verən proses texnologiya sektorunda müşahidə olunan daha geniş tendensiyanın bir hissəsi kimi qiymətləndirilir. Şirkətlər bəzi funksiyalarda iş yerlərini azaldaraq resursları süni intellekt texnologiyalarının inkişafına yönəldirlər.

Məsələn, “Meta” may ayında təxminən 8 min, “Microsoft” isə iyul-sentyabr aylarında 5 mindən çox iş yerini ixtisar edib.

Bununla yanaşı, “Amazon” əvvəlki ixtisar dalğalarından təsirlənən bəzi keçmiş əməkdaşlarla yenidən əlaqə saxlayaraq onlara “AWS” və süni intellektlə bağlı bölmələrdə vakant vəzifələr təklif edir. Bu, şirkətdə kadr və investisiya prioritetlərinin müəyyən qədər dəyişdiyini göstərir.

Yeni ixtisarların “Amazon Prime Big Deal Days” kampaniyası ilə eyni vaxta təsadüf etməsi isə şirkətin pərakəndə biznesində yenidənqurma prosesinin davam etdiyini göstərən amillərdən biri kimi diqqət çəkir.

MONETAR.AZ