Avropada işsizlik üzrə lider dəyişib – Finlandiya İspaniyanı geridə qoyub

Avropada işsizlik üzrə lider dəyişib –

2026-cı ilin avqustunda Avropada ən yüksək işsizlik səviyyəsi Finlandiyada qeydə alınıb. Ölkədə bu göstərici 10,3% təşkil edib. İspaniya 10%-lə ikinci, İsveç isə 8,7%-lə üçüncü yerdə qərarlaşıb.

Monetar.az xəbər verir ki,  “Eurostat” və digər rəsmi mənbələrin məlumatları əsasında hazırlanan araşdırmaya görə Fransada işsizlik səviyyəsi 8,2%, Estoniyada 8%, Yunanıstanda isə 7,4% olub.

Latviya və Lüksemburqda bu göstərici 7,3%, Avstriyada 6,7%, Rumıniyada 6,4%, İtaliyada 6,2%, Litvada 6,1% təşkil edib. Belçika və Danimarkada işsizlik səviyyəsi 5,9% olub.

Almaniya və Niderlandda işsizlik 4% səviyyəsində qeydə alınıb. Avropa İttifaqı ölkələri arasında ən aşağı göstərici isə 3,2%-lə Çexiyaya məxsusdur.

Finlandiyada işsizliyin yüksəlməsi əmək bazarında işçi tələbinin zəif qalması ilə əlaqələndirilir. Ölkədə ixrac və investisiyaların artmasına baxmayaraq, bu proses hələ genişmiqyaslı işə qəbulla nəticələnməyib.

Yunanıstanda isə vəziyyət yaxşılaşıb. Ölkədə işsizlik səviyyəsi bir il ərzində 8,8%-dən 7,4%-ə düşüb. Fransada əksinə, göstərici 7,8%-dən 8,2%-ə yüksəlib.

İspaniyada işsizlik səviyyəsi hələ də 10%-dən yüksək olmasa da, turizm sektoru yeni iş yerlərinin yaradılmasına dəstək verir. 2026-cı ilin ikinci rübündə bu sahədə çalışanların sayı illik müqayisədə 5,4% artaraq 3,18 milyon nəfərə çatıb.

Almaniyada isə ümumi işsizlik səviyyəsi nisbətən aşağı olsa da, avtomobil sənayesində ixtisarlar davam edir. 2026-cı ilin iyununa qədər olan bir ildə sektorda 42 300 iş yeri azalıb. Avtomobil hissələri və aksesuarları istehsal edən müəssisələrdə məşğulluq 7,6% geriləyib.

Araşdırmada Rusiyada işsizlik səviyyəsinin 2,2% olduğu da qeyd edilir. Bununla belə, aşağı göstərici əmək bazarının tam sağlam olması demək deyil. İşçi qüvvəsinin azalması, mühacirət və hərbi istehsalın genişlənməsi ölkədə işçi çatışmazlığını gücləndirən amillər sırasındadır.

Qeyd edək ki, Böyük Britaniya və İsveçrə üzrə məlumatlar 2026-cı ilin iyun ayına aiddir. Digər ölkələr üzrə göstəricilər əsasən avqust ayını əhatə edir.