Azərbaycan ailələrinin gəlir mənbələri Kim haradan dolanır?

Azərbaycanda insanların gəlir mənbələri müxtəlifdir və yaşayış yerinə görə fərqlənir. Monetar.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə
Ölkə üzrə ümumi gəlirlərin ən böyük hissəsi – 37,6 faizi – muzdlu işdən, yəni maaşdan gəlir. Amma bu gəlirin payı şəhərlərdə daha çoxdur – 45,8 faiz. Kəndlərdə isə bu göstərici xeyli aşağıdır – cəmi 26,9 faiz. Bu onu göstərir ki, şəhərlərdə insanlar daha çox rəsmi işlərdə çalışır, kəndlərdə isə bu imkan azdır.
Kəndlərdə insanlar əsasən özünüməşğuldurlar. Məsələn, kənd təsərrüfatı ilə məşğul olub məhsul satırlar. Ümumilikdə ölkə üzrə özünüməşğulluqdan gəlir 32,7 faiz təşkil edir. Bu göstərici şəhərlərdə 24,4 faizdirsə, kəndlərdə 43,5 faizdir. Kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlir kənd yerlərində ümumi gəlirin 21,4 faizini təşkil edir. Şəhərlərdə isə bu rəqəm cəmi 1,9 faizdir.
Əmlakdan – məsələn, ev və ya obyekt kirayəsindən gələn gəlirlər isə çox azdır. Ümumilikdə bu cür gəlirlər 0,4 faiz təşkil edir və həm şəhər, həm də kənd yerlərində fərq o qədər də böyük deyil.
Əhalinin gəlirlərinin bir hissəsi də dövlətdən və ya başqalarından aldıqları vəsaitlərdir. Buraya pensiyalar, sosial müavinətlər və digər yardım növləri daxildir. Ümumilikdə bunlar gəlirlərin 20,1 faizini təşkil edir. Pensiyalar şəhərdə daha çox (17,8 faiz), kənddə isə nisbətən az (15,9 faiz) təşkil edir. Maraqlıdır ki, sosial müavinətlər kənd yerlərində (4 faiz) şəhərlərlə müqayisədə (2,2 faiz) daha çoxdur.
Başqa ailələrdən və ya xaricdən göndərilən pullar az miqdarda da olsa ümumi gəlirdə yer tutur. Ölkə daxilindəki ailələrdən alınan pullar ümumi gəlirin 7,5 faizini təşkil edir. Xaricdən göndərilən pullar isə orta hesabla 1,7 faizdir, amma kənd yerlərində bu rəqəm bir qədər yüksəkdir – 2 faiz. Bu da göstərir ki, kənd sakinləri daha çox xaricə işləməyə gedir və ailələrinə pul göndərirlər.