Toyota 70 min avtomobilini geri çağırır

Toyota bəzi modellərində aşkar edilmiş ekran xətası səbəbilə dünya üzrə on minlərlə avtomobili geri çağırma qərarı alıb. Geri çağırılan avtomobillər arasında Corolla və Camry hibridlər, Kluger Hybrid və RAV4 Hybrid kimi populyar modellər də var.
Ümumilikdə 69 min 586 avtomobil 2022-ci ilin iyul ayı ilə 2025-ci ilin aprel ayları arasında Avstraliyada satılıb. Hər avtomobildə problem olmasa da, bu tarixlər arasında satılan bir çox sedan, hetçbek və SUV modelləri bu xətadan təsirlənmiş ola bilər.
Problemin səbəbi avtomobil işə salındıqda, cihazlar panelində yerləşən 12.3 düymlük ekranın bəzən boş (qara) qalmasıdır. Bu ekran avtomobil xəbərdarlıqları, göstəricilər, sürət və müxtəlif mesajlar kimi sürücülük zamanı kritik əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirir.
Toyotanın yayımladığı geri çağırma bildirişində, "Sürətölçən və xəbərdarlıq işıqları olmadan avtomobili idarə etmək, müəyyən sürücülük şəraitində qəza riskini artıra bilər" ifadələri yer alıb. Həmçinin, xətalı ekranı olan avtomobillərdə enerji sərfiyyatı da gözləniləndən daha sürətli ola bilər ki, bu da xüsusilə hibrid modellərdə performans itkisinə səbəb ola bilər.
Toyota problemin həlli üçün proqram təminatı yenilənməsi lazım olduğunu bildirib. Yenilənmə prosesinin müddəti avtomobilin modelindən asılı olaraq 1 saatdan 2.5 saata qədər dəyişir. Bütün səlahiyyətli dilerlər bu yenilənməni edə biləcəklər.
Avtomobil sahiblərinə sözügedən problem ortaya çıxmasa belə, ən qısa müddətdə bir servisə müraciət etmələri tövsiyə olunur. Təsirlənən avtomobillərin siyahısı Toyotanın internet səhifəsində dərc edilib. Siyahıda yer alan modellər arasında C-HR Hybrid, Camry Hybrid, Corolla Hatch və Sedan (həm hibrid, həm də benzinli), Corolla Cross (hibrid və benzinli), GR Yaris, GR Corolla, Kluger (hibrid və benzinli) ilə RAV4 (hibrid və benzinli) var.
MONETAR.AZ