Azərbaycan şagirdləri dünya reytinqində 63-cü yerdədir

 Azərbaycan şagirdləri dünya reytinqində

Azərbaycan 15 yaşlı şagirdlərin beynəlxalq bilik qiymətləndirməsi üzrə dünya reytinqində 91 ölkə və iqtisadiyyat arasında 63-cü yerdə qərarlaşıb. Ölkə üzrə riyaziyyat, təbiət elmləri və oxu bacarıqları üzrə orta nəticə 401,7 bal təşkil edib.

Monetar.az xəbər verir ki, bu göstəricilər OECD-nin PISA 2025 qiymətləndirməsinin nəticələri əsasında hazırlanmış reytinqdə əks olunub.

Reytinqə əsasən, Azərbaycan şagirdləri riyaziyyat üzrə 422 bal, təbiət elmləri üzrə 409 bal, oxu bacarıqları üzrə isə 374 bal toplayıblar. Beləliklə, ən yüksək nəticə riyaziyyat, ən aşağı göstərici isə oxu bacarıqları üzrə qeydə alınıb.

3 fənn üzrə nəticələr arasında ən böyük fərq riyaziyyat və oxu bacarıqları arasında müşahidə olunub. Bu iki istiqamət üzrə bal fərqi 48 təşkil edib.

Dünya reytinqində ilk yeri 578,7 balla Çinin Pekin, Şanxay, Jiangsu və Zhejiang regionları tutub. Sinqapur 552,7 balla ikinci, Tayvan isə 531,3 balla üçüncü olub.

Qeyd edək ki, PISA qiymətləndirməsi 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə biliklərini real həyat şəraitində tətbiq etmək bacarıqlarını ölçür. Reytinqdəki ümumi orta bal 3 fənn üzrə nəticələrin bərabər çəkili ortalaması əsasında hesablanıb.