Azərbaycanda qida məhsulları 6,8 faiz bahalaşıb

Azərbaycanda qida məhsulları

Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artıb.

Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri üzrə məlumatında bildirilir.

Hesabat dövründə qida məhsulları arasında ən yüksək qiymət artımı süd və süd məhsulları, yumurta qrupunda qeydə alınıb. Bu məhsulların qiymətləri illik müqayisədə 9,4% yüksəlib.

Meyvələr 9,3%, balıq və balıq məhsulları 8,3%, ət və ət məhsulları 8%, digər kateqoriyalara aid edilməyən qida məhsulları 7,3% bahalaşıb.

Bundan başqa, qənd, cem, bal, şokolad və konfetlərin qiymətləri 5,7%, tərəvəzlərin qiymətləri 5,5%, kərə və bitki yağlarının qiymətləri 5,4% artıb.

Çay, qəhvə və kakaonun qiymətində 6,4%, mineral sular, sərinləşdirici içkilər və şirələrin qiymətində isə 3,8% artım qeydə alınıb.

Alkoqollu içkilər arasında araq və brendinin qiyməti 8,9%, çaxırın qiyməti 5,3%, pivənin qiyməti 3,7% yüksəlib. Tütün məmulatları isə 10% bahalaşıb.

Ən aşağı qiymət artımı çörək, çörək məmulatları və yarmalar qrupunda müşahidə edilib. Bu məhsulların qiymətləri 2,5% artıb.