DİM imtahan iştirakçılarının təcrübəsi ilə bağlı araşdırma aparıb

DİM imtahan iştirakçılarının təcrübəsi ilə bağlı

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarının imtahan prosesini necə qavradığını, eləcə də bu qavrayışa təsir edən psixoloji, sosial və informasiya amillərini öyrənmək məqsədilə araşdırma aparıb.

Əsas təhlilə cari ilin 18 717 məzunu, əvvəlki illərin 592 məzunu və qəbul imtahanından sonra sorğuda iştirak edən 839 respondent daxil edilib. Bundan əlavə, 2026-cı il ərzində müxtəlif imtahanlardan dərhal sonra keçirilən 64 sorğuda ümumilikdə 15 494 iştirakçının rəyi öyrənilib.

Sorğular zamanı imtahan şəraiti, nəzarətçilərin fəaliyyəti, tapşırıqların anlaşıqlığı, texniki və təşkilati məsələlər, eləcə də iştirakçıların ümumi imtahan təcrübəsi ilə bağlı fikirləri toplanıb.

Əsas sorğularda subyektiv çətinlik və anlaşıqlıq qiymətləndirmələri, imtahan prosesinə etimad, stress, sosial təzyiq, imtahan və qəbul sistemi haqqında təsəvvürlər, həmçinin ixtisas seçiminə təsir edən amillər təhlil olunub.

Araşdırma göstərib ki, imtahan təcrübəsi yalnız tapşırıqların xüsusiyyətləri və çətinlik səviyyəsi ilə müəyyənləşmir. İştirakçıların psixoloji vəziyyəti, sosial mühiti və informasiya amilləri də onların imtahanı necə qiymətləndirməsinə təsir göstərir. Təhlildə imtahanın obyektiv çətinliyi ilə iştirakçıların həmin çətinliyi subyektiv olaraq necə qavraması arasındakı fərqə də diqqət yetirilib.

Araşdırmanın nəticələri ilə keçid vasitəsilə tanış ola bilərsiniz.