Dövlət İmtahan Mərkəzi (DİM) 30 may 2026-cı il tarixində qurumun Gəncə Regional Bölməsində növbəti beynəlxalq TKT (Teaching Knowledge Test) imtahanını təşkil edib. İngilis dili müəllimlərinin peşəkar bilik və bacarıqlarını beynəlxalq müstəvidə təsdiqləyən bu imtahanda ümumilikdə 14 nəfər namizəd iştirak edib.
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM tərəfindən təşkil edilən budəfəki TKT imtahanı aşağıdakı əsas modulları əhatə edib:
-
TKT Modul 1: Dilin mənimsənilməsi və dil tədrisinin əsasları;
-
TKT Modul 2: Dərs planlaşdırılması və tədris resurslarından istifadə;
-
TKT Modul 3: Tədris prosesinin və sinfin idarə olunması;
-
TKT Modul YL: Azyaşlı öyrənənlərə dilin tədrisi (Young Learners).
Dövlət İmtahan Mərkəzi uzun müddətdir ki, Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi akkreditasiya olunmuş test mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Bu tərəfdaşlıq çərçivəsində ölkədə bir neçə qlobal imtahan proqramı təklif olunur:
Təklif olunan digər imtahanlar:
Cambridge English Qualifications: Kembric İngilis dili üzrə Ümumi Qiymətləndirmə imtahanları;
Cambridge English Teaching: İngilis dili müəllimlərinin peşəkar inkişafı üzrə beynəlxalq imtahanlar;
CEPT (Cambridge English Placement Test): Qurumların və fərdlərin tələbi əsasında dil səviyyəsinin müəyyənləşdirilməsi üzrə sürətli test sistemi.
Sözügedən beynəlxalq imtahanların keçirilmə qrafiki, qeydiyyat şərtləri və digər təşkilati məsələlərlə bağlı əlavə sualları olan şəxslər rəsmi olaraq [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.