İstanbulda 2026-cı ilin may ayında pərakəndə qiymətlər aylıq əsasda 1,53 faiz artıb.
Bu barədə İstanbul Ticarət Palatasının (İTO) 2023=100 baza ili üzrə hesablanan İstanbul İstehlak Qiymətləri İndeksi və Topdansatış Qiymətləri İndeksinin may göstəricilərində bildirilib.
Məlumata görə, may ayında topdansatış qiymətlərində də artım qeydə alınıb və bu göstərici 1,58 faiz təşkil edib. İllik müqayisədə isə pərakəndə qiymətlərdə 36,77 faiz, topdansatış qiymətlərində 23,35 faiz artım müşahidə olunub.
İTO-nun hesabatına əsasən, pərakəndə qiymətlər üzrə ən yüksək artım “restoran və otellər” qrupunda qeydə alınıb – 4,14 faiz. Bu göstərici “mənzil” (3 faiz), “əyləncə və mədəniyyət” (2,70 faiz), “ev əşyaları” (2,07 faiz), “geyim və ayaqqabı” (1,84 faiz) və digər xərclər qrupları ilə davam edib.
Ən aşağı artım isə “səhiyyə” (0,53 faiz) və “qida və alkoqolsuz içkilər” (0,83 faiz) qruplarında müşahidə olunub. “Alkollu içkilər və tütün” qrupunda isə 0,03 faiz azalma qeydə alınıb.
Topdansatış qiymətlərində ən yüksək artım “mədən məhsulları” (4,04 faiz), “qida məhsulları” (2,70 faiz) və “tikinti materialları” (1,13 faiz) üzrə olub. “Yanacaq və enerji” qrupunda isə 0,25 faiz azalma müşahidə edilib.
Mütəxəssislər bildirirlər ki, xidmət sektoru və yaşayış xərclərindəki artım ümumi inflyasiya göstəricilərinə əsas təsir göstərən amillərdən biri olaraq qalır.