Dünyada 15 yaşlı şagirdlərin akademik göstəricilərinə görə ən yüksək nəticələr Şərqi Asiya ölkələrində qeydə alınıb. Çin regionları 578,7 balla ilk sırada qərarlaşıb. Sinqapur 552,7 balla ikinci, Tayvan (Çin) isə 531,3 balla üçüncü olub.
Monetar.az xəbər verir ki, bu nəticələr OECD-nin 2025-ci il PISA qiymətləndirməsinin 2026-cı ilin sentyabrında açıqlanan məlumatları əsasında hazırlanmış reytinqdə əksini tapıb.
Reytinq 91 təhsil sisteminin iştirak etdiyi qiymətləndirmənin nəticələrinə əsaslanır. Şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu bacarıqları üzrə topladıqları ballar müqayisə edilib. Ümumi sıralama isə bu üç fənn üzrə nəticələrin bərabər çəkili ortalaması əsasında hesablanıb.
İlk 6 pillənin hamısını Şərqi Asiyanın təhsil sistemləri tutub. Çin regionları Pekin, Şanxay, Jiangsu və Zhejiang 578,7 balla lider olub. Sinqapur 552,7 balla ikinci, Tayvan 531,3 balla üçüncü, Makao 530,3 balla dördüncü, Yaponiya 522 balla beşinci, Cənubi Koreya isə 516,3 balla altıncı yerdə qərarlaşıb.
Avropa ölkələri arasında ən yüksək nəticəni Estoniya göstərib. 511,3 balla yeddinci olan ölkəni Honkonq (499,3 bal), Böyük Britaniya (497,7 bal) və Yeni Zelandiya (495,3 bal) izləyib. Kanada 495 balla 11-ci, ABŞ isə 485 balla 16-cı yerdə qərarlaşıb.
ABŞ şagirdləri təbiət elmləri üzrə 502, oxu üzrə 490, riyaziyyat üzrə isə 463 bal toplayıblar. Bu nəticələr ölkənin xüsusilə riyaziyyat sahəsində digər iki istiqamətlə müqayisədə zəif göstəriciyə malik olduğunu ortaya qoyur.
Reytinqin müəllifləri Şərqi Asiya ölkələrinin yüksək nəticələrini təhsil proqramlarının ciddi olması, müəllim hazırlığı, akademik intizam və valideyn gözləntiləri ilə əlaqələndirirlər. Bununla yanaşı, göstəricilərin şagirdlərin anadangəlmə qabiliyyət fərqlərindən deyil, təhsil və sosial-iqtisadi şəraitdən qaynaqlandığı vurğulanır.