Əcnəbilər üçün ən qonaqpərvər ölkələr

Əcnəbilər üçün ən

2026-cı ildə xaricilərin məskunlaşması və yerli cəmiyyətə uyğunlaşması baxımından ən qonaqpərvər ölkələrin reytinqi açıqlanıb. Siyahıda Meksika birinci, Panama ikinci, Tailand isə üçüncü yerdə qərarlaşıb. Avropanın bir sıra yüksək inkişaf etmiş ölkələri isə reytinqin son sıralarında yer alıb.

Monetar.az xəbər verir ki, reytinq InterNations təşkilatının 2026-cı il Expat Insider sorğusunun nəticələri əsasında hazırlanıb və ümumilikdə 31 ölkəni əhatə edib.

Araşdırmada ölkələr üç əsas istiqamət üzrə qiymətləndirilib: yerli mədəniyyətə və mühitə uyğunlaşma, sakinlərin əcnəbilərə münasibəti, eləcə də yeni dostlar qazanmaq və sosial əlaqələr qurmaq imkanları.

Ümumi reytinqdə Meksika birinci, Panama ikinci, Tailand üçüncü, Braziliya dördüncü, Birləşmiş Ərəb Əmirlikləri isə beşinci yerdə qərarlaşıb.

İlk onluqda İspaniya, Portuqaliya, İrlandiya, ABŞ və Cənubi Afrika da yer alıb. Beləliklə, Latın Amerikası ölkələri ilk dörd mövqedən üçünü tutub.

Avropanın bəzi inkişaf etmiş ölkələri isə əcnəbilərin uyğunlaşması baxımından aşağı nəticə göstərib. Norveç 31 ölkə arasında sonuncu, İsveç 30-cu, Avstriya 29-cu, Almaniya isə 28-ci yerdə qərarlaşıb. Danimarka, İsveçrə və Niderland da son onluqda yer alıb.

Cənubi Avropa ölkələrinin nəticələri isə fərqlənib. İspaniya altıncı, Portuqaliya yeddinci olub.

Araşdırmada diqqətçəkən məqamlardan biri də yerli sakinlərin mehriban münasibətinin yeni dostlar qazanmaqla həmişə üst-üstə düşməməsidir. Məsələn, Kanada yerli əhalinin mehribanlığı üzrə 14-cü yerdə olsa da, dost qazanmaq imkanlarına görə 22-ci sırada qərarlaşıb. İrlandiya da mədəniyyət və yerli mehribanlıq üzrə səkkizinci, dost qazanmaq üzrə isə 13-cü yerdədir.

Cənubi Afrika isə əksinə, ümumi reytinqdə 10-cu olsa da, dost qazanmaq kateqoriyasında beşinci yeri tutub.