2025-ci ildə dünyada şərab istehlakı 20,8 milyard litr təşkil edib. Ən böyük istehlakçı ABŞ olub. İlk beş ölkənin payına dünya üzrə ümumi şərab istehlakının təxminən yarısı düşüb.
Monetar.az-ın Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) ilkin qiymətləndirmələri əsasında hazırladığı reytinqə görə, ABŞ 3,19 milyard litr istehlakla ilk sırada qərarlaşıb. Fransa 2,2 milyard litr, İtaliya 2,02 milyard litr, Almaniya 1,78 milyard litr və Böyük Britaniya 1,23 milyard litr göstərici ilə ilk beşliyi tamamlayıb.
İlk 5 ölkənin ümumi istehlakı 10,42 milyard litr təşkil edib. Bu, dünya üzrə ümumi göstəricinin təxminən 50,1%-nə bərabərdir.
Reytinqdə İspaniya 940 milyon litr, Rusiya 800 milyon litr, Argentina 750 milyon litr, Portuqaliya 560 milyon litr və Avstraliya 530 milyon litr istehlakla ilk 10-luqda yer alıb.
Avropa ölkələri dünyanın ən böyük 20 şərab bazarından 12-ni təşkil edib. Bu ölkələrin ümumi istehlakının dünya göstəricisində payı təxminən 52% olub.
2025-ci ildə qlobal şərab istehlakı əvvəlki illə müqayisədə 2,7% azalıb. 2018-2025-ci illər ərzində isə dünya üzrə istehlakın ümumilikdə 14% gerilədiyi bildirilir.
Ən böyük 10 bazardan 9-da istehlak azalıb. ABŞ-da göstərici 4,3%, Fransada 3,2%, Almaniyada 4,3%, İtaliyada isə 9,4% aşağı düşüb. Çində azalma 13% təşkil edərək ilk 20 ölkə arasında ən yüksək geriləmə olub.
Bununla belə, bəzi ölkələrdə artım qeydə alınıb. Braziliyada şərab istehlakı 41,9%, Rumıniyada 11%, Yaponiyada 6,8%, Avstriyada 6%, Portuqaliyada isə 5,6% artıb.
Braziliyada kəskin artımın əsas səbəblərindən biri istehsalın bərpası olub. Əlverişli hava şəraiti nəticəsində ölkədə şərab istehsalı 2024-cü ildəki zəif göstəricidən sonra 80,6% yüksəlib. Bununla belə, sənaye nümayəndələri istehlakdakı artımın bir hissəsinin təklifin bərpası ilə bağlı olduğunu və real tələbin eyni sürətlə yüksəlmədiyini bildirirlər.
Adambaşına istehlak göstəricilərində isə Portuqaliya fərqlənib. OIV-in 15 yaşdan yuxarı əhali üzrə hesablamalarına əsasən, ölkədə hər nəfərə düşən illik şərab istehlakı 62 litr təşkil edib. ABŞ-da bu göstərici 11,3 litr olub.