İşsizlər harada daha uzun müddət iş axtarır?  

İşsizlər harada daha

Dünyada iş axtarışının müddəti ölkələr üzrə ciddi fərqlənir. 2025-ci ilin məlumatlarına əsasən, Cənubi Afrika, Slovakiya, Yunanıstan və İtaliyada işsiz şəxslər median hesabla 12 aydan çoxdur iş axtarırlar. Meksika isə iş tapmaq üçün ən qısa müddət tələb olunan ölkə kimi ilk sırada qərarlaşıb.

Monetar.az İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2025-ci il məlumatları əsasında 42 ölkə üzrə iş axtarışının müddətini müqayisə edib.

Araşdırmaya görə, Meksikada işsiz şəxslərin iş axtarışına sərf etdiyi median müddət 1,2 ay təşkil edib. ABŞ-da bu göstərici 2,2 ay, Kanadada isə 2,4 ay olub.

Əksinə, Cənubi Afrika, Slovakiya, Yunanıstan və İtaliyada iş axtarışının median müddəti 12 ayı ötüb. Bu ölkələri 9,3 ayla Bolqarıstan, 8 ayla Xorvatiya, 7,9 ayla Litva və 7,8 ayla Rumıniya izləyib.

Portuqaliyada işsiz şəxslər median hesabla 7,6 ay, Latviyada 6,9 ay, İsveçrədə 6,7 ay, Çexiyada 6,5 ay, Lüksemburqda isə 6 ay iş axtarıblar.

Belçikada bu müddət 5,7 ay, Macarıstanda 5,9 ay təşkil edib.

42 ölkə üzrə milli göstəricilərin medianı təxminən 4,7 aya bərabərdir. Bu rəqəm bütün ölkələrin işsiz əhalisi nəzərə alınmaqla hesablanan qlobal orta göstərici deyil.

Araşdırmada qeyd olunur ki, iş axtarışının uzun çəkməsinə struktur işsizlik, işçilərin bacarıqları ilə vakansiyaların tələbləri arasındakı uyğunsuzluq, işə qəbul prosedurları və əmək bazarında mobilliyin zəifliyi təsir göstərə bilər.

Bununla belə, işsizliyin ümumi səviyyəsi ölkədə iş tapmağın nə qədər çətin olduğunu tam əks etdirmir. Bəzi ölkələrdə ümumi işsizlik aşağı olsa da, işsiz qalan şəxslərin yeni iş tapması uzun müddət çəkə bilər.