2026-cı ildə orta əməkhaqqının yerli qiymətlərlə daha çox mal və xidmət almağa imkan verdiyi ölkələrin reytinqində Küveyt lider olub. Azərbaycan isə 142 ölkə arasında 96-cı yerdə qərarlaşıb.
Monetar.az xəbər verir ki, Numbeo-nun məlumatlarına əsasən, maaşların alıcılıq qabiliyyəti indeksi orta xalis əməkhaqqının yerli qiymətlərə nisbətini əks etdirir. Hesablamalarda Nyu-York şəhərinin göstəricisi 100 bənd qəbul edilib.
Küveyt 175,8 bəndlə birinci, Qətər 168,1 bəndlə ikinci, İsveçrə 165,7 bəndlə üçüncü olub. İlk beşliyi 155,1 bəndlə Lüksemburq və 151,3 bəndlə Oman tamamlayıb. ABŞ 144,5 bəndlə altıncı sırada qərarlaşıb.
Azərbaycanın indeksi 39,8 bənd təşkil edib. Bu göstərici ölkəmizə reytinqdə 96-cı yeri qazandırıb.
Siyahının sonuncu pilləsində 2,4 bəndlə Kuba qərarlaşıb. Suriya və Nigeriya da alıcılıq qabiliyyətinin ən aşağı olduğu ölkələr sırasındadır. Küveytdə bu göstərici Kuba ilə müqayisədə təxminən 73 dəfə yüksəkdir.
Reytinqdə yüksək yaşayış xərclərinin hər zaman aşağı alıcılıq qabiliyyəti demək olmadığı da görünür. Məsələn, İsveçrə dünyanın ən bahalı ölkələrindən biri olmasına baxmayaraq, üçüncü yerdə qərarlaşıb. Daha aşağı yaşayış xərclərinə malik Portuqaliya isə 54-cü sıradadır. İsveçrədə maaşların alıcılıq qabiliyyəti Portuqaliyadan təxminən 2,5 dəfə yüksəkdir.
Qeyd edək ki, indeksin yüksək olması əməkhaqqının yerli bazarda daha çox mal və xidmət almağa imkan verdiyini göstərir. Buna görə də nominal maaşla yanaşı, yaşayış xərcləri də ölkələrin alıcılıq qabiliyyətinin müqayisəsində mühüm rol oynayır.