Mülklə vətəndaşlıq almaq mümkündür – Azərbaycanlılar üçün əsas istiqamətlər

Mülklə vətəndaşlıq almaq mümkündür –

Xaricdə daşınmaz əmlak almaq bəzi ölkələrdə yaşayış icazəsi, uzunmüddətli rezidentlik və hətta vətəndaşlıq əldə etmək imkanı yaradır. Bu proqramlarda tələb olunan minimum investisiya məbləği ölkədən asılı olaraq təxminən 142 min dollardan 545 min dollara qədər dəyişir.

Monetar.az xəbər verir ki, RUMAVI-nin məlumatına görə, bir sıra ölkələr daşınmaz əmlak və ya investisiya qarşılığında xarici vətəndaşlara rezidentlik imkanları təqdim edir.

Məsələn, Malayziyada təxminən 142 min dollar məbləğində maliyyə tələbi ilə 5 illik, yenilənə bilən MM2H proqramından yararlanmaq mümkündür.

Yunanıstanda daşınmaz əmlak investisiyası üçün minimum məbləğ təxminən 291 min dollardan başlayır. Bu investisiya müəyyən şərtlərlə 5 illik, yenilənə bilən “Golden Visa” proqramına çıxış verir. Tələblər əmlakın yerləşdiyi ərazi və növündən asılı olaraq dəyişə bilər.

Taylandda 500 min dollarlıq investisiya ilə 10 illik Long-Term Resident (LTR) proqramından yararlanmaq mümkündür.

BƏƏ-də, xüsusilə Dubayda, təxminən 545 min dollar dəyərində daşınmaz əmlak investisiyası 10 illik yenilənə bilən “Golden Residency” imkanı yarada bilər.

Türkiyədə isə 400 min dollarlıq daşınmaz əmlak investisiyası müəyyən şərtlərlə birbaşa vətəndaşlıq üçün əsas yaradır.

Azərbaycanlılar üçün Türkiyə və Dubay ön plandadır

Yerli ekspertlərin fikrincə, Azərbaycan vətəndaşları üçün bu istiqamətlər arasında xüsusilə Türkiyə və BƏƏ-nin Dubay şəhəri daha cəlbedici hesab olunur.

Türkiyənin əsas üstünlükləri coğrafi yaxınlıq, dil və mədəni əlaqələr, həmçinin müəyyən şərtlərlə birbaşa vətəndaşlıq əldə etmək imkanının olmasıdır. Bu səbəbdən Türkiyə uzun illərdir Azərbaycan kapitalı üçün əsas xarici istiqamətlərdən biri olaraq qalır.

Dubay isə vergi və biznes mühiti, daşınmaz əmlak bazarı və 10 illik “Golden Residency” imkanı ilə iri investorların diqqətini çəkir. Əmlak bazarında icarə gəliri əldə etmək imkanları da investorların seçimində əsas amillərdən biridir.