Tıxaclar insanları bezdirir - Dünyanın ən stresli şəhərləri

Tıxaclar insanları bezdirir -

Dünyanın ən stresli şəhərlərinin reytinqində Nyu-York ilk sırada yer alıb. İrlandiyanın paytaxtı Dublin isə cəmi 0,01 ballıq fərqlə ikinci olub. Ən az stresli şəhərlər siyahısında isə Niderlandın Eyndhoven şəhəri liderlik edir.

Monetar.az-ın Remitly məlumatları əsasında hazırladığı araşdırmada 170 şəhər qiymətləndirilib. 2025-ci ilin oktyabrında toplanan məlumatlara əsasən şəhərlərə nəqliyyat vaxtı, yaşayış xərcləri, səhiyyə xidmətlərinin keyfiyyəti, cinayətkarlıq səviyyəsi ilə bağlı təsəvvürlər və hava çirkliliyi nəzərə alınmaqla 10 ballıq şkala üzrə stres göstəricisi verilib.

Araşdırmaya görə, Nyu-York 7,56 balla dünyanın ən stresli şəhəri hesab olunub. Dublin 7,55 balla ikinci, Mexiko 7,38 balla üçüncü yerdə qərarlaşıb. İlk onluğa, həmçinin Manila, London, Milan, Afina, San-Paulu, Turin və Kolkata daxil olub.

Dublinin yüksək göstəricisində nəqliyyat sıxlığı mühüm rol oynayıb. Şəhərdə avtomobillə 10 kilometr məsafəni qət etmək orta hesabla 32 dəqiqə çəkir. Bu, araşdırmaya daxil edilən şəhərlərin 21 dəqiqəlik orta göstəricisindən təxminən 50% çoxdur.

Kolkata isə nəqliyyatın ən ləng olduğu şəhər kimi qeydə alınıb. Burada 10 kilometrlik yol orta hesabla 34 dəqiqə 33 saniyəyə qət edilir. Müqayisə üçün, ABŞ-ın San-Antonio şəhərində eyni məsafəyə cəmi 10 dəqiqə 13 saniyə sərf olunur.

Ən az stresli şəhərlərin siyahısında isə Niderland üstünlük təşkil edib. Eyndhoven 2,34 balla birinci, Utrext 2,67 balla ikinci, Avstraliyanın Kanberra şəhəri isə 2,80 balla üçüncü olub.

İlk onluqda Niderlandın dörd şəhəri - Eyndhoven, Utrext, Qroningen və Rotterdam yer alıb. Norveçin Tronheym və Bergen, Avstraliyanın Kanberra və Brisben, eləcə də Estoniyanın Tallin və Portuqaliyanın Porto şəhərləri də siyahıya daxil edilib.

Eyndhovendə 10 kilometrlik məsafəni qət etmək üçün 15 dəqiqədən bir qədər az vaxt tələb olunur. Bu göstərici Dublindəki 32 dəqiqəlik müddətdən iki dəfədən çox aşağıdır.

Araşdırmada qeyd olunur ki, Eyndhovenin aşağı stres göstəricisinə qısa yol müddəti, səhiyyə xidmətlərinin yüksək qiymətləndirilməsi və cinayətkarlıqla bağlı aşağı narahatlıq səviyyəsi təsir edib.

Müəlliflər bildirirlər ki, bu nəticələr şəhərlərin həyat keyfiyyəti üzrə digər reytinqləri ilə də müəyyən dərəcədə üst-üstə düşür. Məsələn, 2026-cı ilin həyat keyfiyyəti reytinqində Kanberra birinci, Bergen isə ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, araşdırmanın nəticələri sakinlərin özlərini nə dərəcədə stresli hiss etməsinə deyil, şəhərlərdəki yaşayış şəraitinə əsaslanır.