Dünyada 19 ölkə 198 dövlətin nümayəndələrinə əvvəlcədən ənənəvi viza almadan ölkəyə daxil olmaq imkanı yaradır. Bu ölkələrin 13-ü Afrikada yerləşir. Əksinə, ABŞ və Avstraliya bu cür sadələşdirilmiş giriş imkanlarını cəmi 46 dövlətə təqdim edir.
Monetar.az - ın Passport Index-in 2026-cı il üzrə “Welcoming Countries Rank” reytinqi əsasında hazırladığı araşdırmada 198 millətin müxtəlif ölkələrə giriş imkanları müqayisə edilib.
Reytinqdə vizasız giriş, sərhəddə viza alınması və elektron səyahət icazəsi (eTA) ilə ölkəyə daxil olmaq imkanları nəzərə alınıb.
Seyşel adaları, Samoa, Tuvalu, Mikroneziya, Şərqi Timor, Boliviya, Keniya, Vyetnam, Uqanda, Toqo, Fil Dişi Sahili, Qvineya, Komor adaları, Cibuti, Qvineya-Bisau, Burundi, Nigeriya, Konqo Demokratik Respublikası və Cənubi Sudan 198 millətin hamısına sadələşdirilmiş giriş imkanı yaradan ölkələr sırasındadır.
Bu ölkələr reytinqdə birinci yeri bölüşür. İkinci yerdə isə 197 dövlətin nümayəndələrini qəbul edən Maldiv adaları qərarlaşıb.
Araşdırmada Afrikanın üstünlüyü xüsusi diqqət çəkir. İlk pillədəki 19 ölkədən 13-ünün bu qitədə yerləşməsi regionda turizmin və sərhədlərarası səfərlərin asanlaşdırılması istiqamətində atılan addımlarla əlaqələndirilir.
Dünyanın ən populyar turizm istiqamətlərindən bəzilərində giriş qaydaları daha sərtdir. ABŞ və Avstraliya 198 dövlətdən yalnız 46-sına vizasız, sərhəddə viza və ya elektron icazə vasitəsilə giriş imkanı verir.
Kanadada bu göstərici 54, Böyük Britaniyada isə 84-dür. Avropa ölkələrinin oxşar nəticələr göstərməsi isə onların Şengen zonasının ortaq giriş qaydalarını tətbiq etməsi ilə əlaqələndirilir.
Araşdırmaya görə, dövlətlər turizmdən əldə olunan gəlirlərlə yanaşı, miqrasiya nəzarəti və təhlükəsizlik məsələlərini də nəzərə alırlar. Buna görə bəzi ölkələrə səfər etmək istəyən turistlərdən maliyyə imkanlarını, yaşadıqları ölkə ilə əlaqələrini və səfərin məqsədini təsdiqləyən sənədlər tələb olunur.
Reytinqin sonuncu pillələrində Əfqanıstan, Şimali Koreya və Türkmənistan qərarlaşıb. Bu ölkələrdə 198 dövlətin heç biri üçün vizasız giriş, sərhəddə viza və ya elektron icazə kimi sadələşdirilmiş imkanlar nəzərdə tutulmayıb.
Bu göstərici həmin ölkələrə xarici vətəndaşların ümumiyyətlə daxil ola bilməməsi demək deyil. Lakin səfərlər üçün daha mürəkkəb viza prosedurları və əlavə icazələr tələb olunur.
Məsələn, Şimali Koreyaya xarici turistlərin səfərləri adətən dövlət tərəfindən təsdiqlənmiş xüsusi proqramlar çərçivəsində təşkil edilir. Türkmənistana giriş üçün isə əvvəlcədən icazə və müvafiq sənədlər tələb olunur.
Reytinqdə ən aşağı göstəricilərdən biri Butana aiddir. Ölkə sadələşdirilmiş giriş imkanlarını cəmi 3 dövlətə təqdim edir.