2026-cı ilin 7 ayında kənd təsərrüfatında nə baş verdi?

2026-cı ilin 7 ayında kənd təsərrüfatında

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanın kənd təsərrüfatında müxtəlif istiqamətlər üzrə fərqli nəticələr qeydə alınıb. Bitkiçilikdə meyvə, giləmeyvə və dənli bitkilərin istehsalı artdığı halda, üzümçülük və baramaçılıqda azalma müşahidə olunub.

İlin ilk yeddi ayında ən yüksək artım meyvə və giləmeyvə istehsalında qeydə alınıb. Bu məhsulların yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% yüksəlib.

Bitkiçilikdə digər müsbət dinamika günəbaxan istehsalında müşahidə olunub. Bu sahədə istehsal 11,7%, dənli və dənli-paxlalı bitkilərin yığımı isə 7,2% artıb. Eyni zamanda, tütün istehsalı 4,1%, yaşıl çay yarpağı istehsalı 1,9%, kartof istehsalı isə 1,2% yüksəlib.

Bununla yanaşı, bəzi məhsullar üzrə geriləmə davam edib. Üzüm istehsalı illik müqayisədə 10,1% azalaraq bitkiçilikdə ən böyük enişi nümayiş etdirib. Bostan məhsullarının istehsalı 2,2%, tərəvəz istehsalı isə 1,4% geriləyib.

Heyvandarlıq sektorunda isə əsas ərzaq məhsulları üzrə artım qeydə alınıb. Hesabat dövründə 348,2 min ton diri çəkidə ət istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çoxdur.

Yanvar–iyul aylarında ölkədə 1 milyard 426,3 milyon ədəd yumurta və 1 milyon 317,3 min ton süd istehsal edilib. Yumurta istehsalı 0,7%, süd istehsalı isə 0,1% artıb.

Sənaye üçün xammal əhəmiyyətinə malik bəzi heyvandarlıq sahələrində isə azalma müşahidə olunub. Barama istehsalı 16,5% azalaraq 155,8 tona, yun istehsalı isə 1,9% azalaraq 13,5 min tona enib.

Ümumilikdə, ilin ilk yeddi ayının nəticələri göstərir ki, kənd təsərrüfatında əsas ərzaq məhsullarının istehsalı üzrə müsbət dinamika qorunur. Bununla yanaşı, üzümçülük və baramaçılıq kimi ənənəvi sahələrdə geriləmə sektorun inkişafı baxımından diqqət tələb edən istiqamətlər olaraq qalır.

   

MONETAR.AZ