Rusiyada yanacaq qıtlığı: hökumət neft şirkətlərinə göstəriş verdi

Rusiyada yanacaq qıtlığı:

Rusiyada bəzi bölgələrdə yanacaqdoldurma məntəqələrinin yanacaqla təminatında yaranan problemlər davam edir.

Monetar.az xəbər verir ki, Rusiya hökuməti problemin daha ciddi olduğu bölgələrə yanacaq tədarükünün artırılması üçün neft şirkətlərinə əlavə tədbirlər görməyi tapşırıb.

Rusiya Baş nazirinin müavini Aleksandr Novakın iştirakı ilə keçirilən toplantıda ölkənin yanacaq bazarındakı vəziyyət müzakirə olunub. Bildirilib ki, iri neft şirkətləri yanacaq çatışmazlığının daha çox hiss olunduğu bölgələrə tədarükü artırmaq üçün tədbirlər görür.

Novak aidiyyəti qurumlara və neft şirkətlərinə problem yaşanan bölgələrə yanacaq göndərişlərinin artırılması üçün əlavə addımlar atmağı tapşırıb.

Bundan başqa, kənd təsərrüfatı istehsalçıları üçün yanacaq qiymətlərinin, eləcə də yanacaqdoldurma məntəqələrində pərakəndə qiymətlərin diqqətlə izlənilməsi tələb olunub.

Qeyd edək ki, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində bir sıra müəssisələr təmirə dayandırılıb. Bu səbəbdən ölkənin müxtəlif bölgələrində yanacaq satışına müəyyən məhdudiyyətlər tətbiq edilir.

Rusiya hökuməti daha əvvəl dizel yanacağı və benzinin ixracına da qadağa qoyub.