SOCAR-ın 2025-ci ildə gəlirləri 86,3 milyard manata çatıb

SOCAR-ın 2025-ci ildə gəlirləri

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti isə 12,6 milyard manat təşkil edib.

Monetar.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, 2025-ci ildə qlobal enerji bazarlarında geosiyasi qeyri-müəyyənliklər və enerji təhlükəsizliyi məsələləri ilə yanaşı, təbii qaza artan tələbat əsas tendensiyalardan olub. SOCAR isə strateji inkişaf prioritetlərinə uyğun olaraq beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirində mövqeyini gücləndirib və əməliyyat səmərəliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirib.

Ötən il şirkət bir sıra strateji investisiya və biznes əməliyyatları həyata keçirib. Bunlar arasında “Bahar” və “Qum-Dəniz” yataqlarında 80%-lik payın alınması, İsrailin Aralıq dənizində yerləşən “Tamar” qaz yatağında 10%-lik effektiv iştirak payının əldə edilməsi, Türkiyədə yeni neft-kimya və enerji layihələrinin inkişafı, həmçinin rəqəmsal infrastruktur və petrokimya sahələrinə investisiyalar yer alıb.

SOCAR 2025-ci ildə qaz ixracının və beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirib.

Şirkətin əməliyyat fəaliyyətindən mənfəəti əvvəlki illə müqayisədə 80% artaraq 5,2 milyard manata çatıb. Xalis mənfəət isə təxminən 3 milyard manat olub.

SOCAR-ın 2025-ci il üzrə EBITDA göstəricisi 10,9 milyard manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 26% çoxdur. Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları, eləcə də təbii qazın satışından formalaşıb.

Əməliyyat fəaliyyətindən mənfəətin artması şirkətin pul vəsaitlərinin hərəkətinə də müsbət təsir göstərib. Belə ki, əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti 136% artıb.

SOCAR 2025-ci ildə dövlətə dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər formasında ümumilikdə 3,8 milyard manat ödəniş edib.

Şirkətin məlumatına görə, 2021-2025-ci illərdə SOCAR tərəfindən dövlətə bu istiqamətlər üzrə ümumilikdə 15,9 milyard manat vəsait ödənilib. Həmin dövrdə SOCAR-a dövlət tərəfindən yatırılan vəsaitin ümumi məbləği isə 1,6 milyard manat təşkil edib.

SOCAR ölkənin strateji enerji şirkəti olmaqla yanaşı, dövlət büdcəsinə ən çox vergi ödəyən və ən iri işəgötürən qurumlardan biri olaraq fəaliyyət göstərir. Şirkətin investisiya və sosial layihələri iqtisadiyyatın şaxələndirilməsi və insan kapitalının inkişafına yönəlib.

Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2025-ci il tarixinə konsolidə edilmiş maliyyə hesabatına “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş audit rəyi verilib.