İlk qatlanan "iPhone" məhdud sayda satışa çıxarılacaq

İlk qatlanan "iPhone" məhdud sayda

"Apple" şirkətinin ilk qatlanan "iPhone" modelini bu payız təqdim edəcəyi gözlənilir. Lakin mediada yayılan son məlumatlara görə, cihazın ilkin satış həcmi olduqca məhdud olacaq.

"ChannelNews Australia"nın məlumatına əsasən, şərti olaraq "iPhone Ultra" adlandırılan model ilk mərhələdə çox az sayda istehsal ediləcək. İlkin partiyanın əsas hissəsinin ABŞ bazarına yönəldilməsi planlaşdırılır. Digər ölkələrdə isə satışların bir neçə ay gecikəcəyi gözlənilir. Məsələn, Avstraliyada mobil operatorlar və iri pərakəndə satış şəbəkələri cihazın "iPhone 18 Pro" seriyası ilə eyni vaxtda mağazalara çıxarılacağını gözləmirlər.

Daha əvvəl analitik Min-Çi Kuo da bildirmişdi ki, "Apple" 2026-cı ilin ikinci yarısında cəmi 7–8 milyon ədəd qatlanan "iPhone" istehsal etməyi planlaşdırır. Onun hesablamalarına görə, üçüncü rübdə tədarük həcmi yalnız 0,5–1 milyon ədəd təşkil edə bilər.

Analitiklər qeyd edirlər ki, gözlənilən satış qiymətinin 2 000 ABŞ dollarından yüksək olması da bu modelin kütləvi bazar üçün deyil, daha çox premium seqmentə hesablandığını göstərir. Buna görə də ilk qatlanan "iPhone"un satışlarının məhdud həcmdə həyata keçirilməsi bazar üçün gözlənilməz hesab edilmir.

MONETAR.AZ