"Counterpoint Research"in məlumatına görə, "Samsung Galaxy Z8" seriyasına qlobal ön sifarişlər əvvəlki nəsil ilə müqayisədə 30%-dən çox artıb. Analitiklər bunu qatlanan smartfonlara tələbatın güclənməsi və yeni modellərin daha təkmil dizaynı ilə əlaqələndirirlər.
Ən yüksək artım Cənubi Koreyada qeydə alınıb. Burada ön sifarişlər 39%, Avropada isə 20%-dən çox yüksəlib. ABŞ bazarında yalnız "Galaxy Z Fold8" modeli üzrə açıqlanan məlumatlara əsasən, ön sifarişlər 30% artıb.
Şirkətin ən bahalı qatlanan modeli olan "Galaxy Z Fold8" seriyanın əsas satış lokomotivi kimi çıxış edir. Cənubi Koreyada bütün ön sifarişlərin təxminən 70%-i, ABŞ-da 50%-i, Avropada isə 40%-i məhz bu modelin payına düşür.
"Counterpoint Research" bildirir ki, "Fold8" modelinin daha nazik, yüngül və pasport ölçülərinə yaxınlaşdırılmış dizaynı istifadəçi auditoriyasını genişləndirib. Cənubi Koreyada model xüsusilə gənclər və qadın istifadəçilər arasında populyarlıq qazanıb. ABŞ-da isə xeyli sayda istifadəçinin "Galaxy Z Flip" seriyasından "Galaxy Z Fold8" modelinə keçdiyi müşahidə olunur.
Analitiklərin proqnozuna görə, "Galaxy Z8" seriyasının ilk il üzrə tədarük həcmi "Galaxy Z7" seriyası ilə müqayisədə ikirəqəmli faizlə artacaq, "Galaxy Z6" seriyası ilə müqayisədə isə 70%-dən çox yüksələcək.
Bununla yanaşı, ekspertlər hesab edirlər ki, satışların uzunmüddətli dinamikası təqdimatdan sonrakı istehlakçı tələbindən, eləcə də "Apple" şirkətinin gözlənilən ilk qatlanan iPhone modelinin bazara çıxışından əhəmiyyətli dərəcədə asılı olacaq.
MONETAR.AZ