Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Azərbaycan manatının dövriyyəyə buraxılmasından

15 avqust Azərbaycan manatının yaranması günü kimi qeyd olunur. Monetar.az xəbər verir ki, bu il milli valyutanın dövriyyəyə buraxılmasından 34 il ötür.

Azərbaycan manatı 1992-ci il avqustun 15-də dövriyyəyə buraxılıb. İlk pul nişanları həmin il Fransada çap olunub.

Milli valyutanın yaradılması Azərbaycan Respublikası Milli Bankının təsis edilməsi və milli valyutanın dövriyyəyə buraxılması ilə bağlı 1992-ci ildə imzalanmış prezident fərmanları əsasında həyata keçirilib. İlk mərhələdə 1, 10 və 250 manatlıq əsginaslar dövriyyəyə buraxılıb.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat rublla paralel olaraq ödəniş vasitəsi kimi istifadə olunub. 1993-cü ildə manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi elan edilməsi ilə Azərbaycanın rubl zonasından çıxışı təmin edilib.

Sonrakı illərdə müxtəlif nominallı əsginaslar dövriyyəyə buraxılıb. 2006-cı il yanvarın 1-dən isə denominasiya həyata keçirilib və 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. Yeni manatın dizaynı avronun dizayneri Robert Kalina tərəfindən hazırlanıb.

2018-ci ildə 200 manatlıq yeni əsginas, daha sonra isə yenilənmiş dizaynla 20 manatlıq pul nişanı dövriyyəyə buraxılıb. 20 manatlıq əsginasda əsas mövzu Qarabağa həsr olunub və pul nişanında qılınc, qalxan, dəbilqə və Xarıbülbül kimi simvollardan istifadə edilib.

Azərbaycan Mərkəzi Bankı son illərdə metal pul nişanlarının da dizaynını yeniləyib. 1, 10, 20 və 50 qəpiklik sikkələrə Dövlət Gerbi və istehsal ili əlavə olunub.

2023-cü ildən etibarən Mərkəzi Bank tərəfindən yüksək əyarlı Azərbaycan qızılından investisiya və yubiley məqsədli pul nişanları da tədavülə buraxılıb. Bu pul nişanları müxtəlif çəkilərdə hazırlanır və uzunmüddətli investisiya və yığım vasitəsi kimi nəzərdə tutulur.

Hazırda Mərkəzi Bank milli pul nişanlarının mühafizə sistemlərinin və dizaynlarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində işləri davam etdirir.