Uşağı olmayan ev təsərrüfatlarında istehlak xərcləri daha yüksəkdir

Uşağı olmayan ev təsərrüfatlarında istehlak xərcləri

18 yaşadək uşaqları olmayan ev təsərrüfatlarında adambaşına düşən aylıq istehlak xərcləri uşaqlı ev təsərrüfatları ilə müqayisədə daha yüksəkdir.

Monetar.az xəbər verir ki, statistik məlumatlara əsasən, uşağı olan ev təsərrüfatlarında ayda adambaşına orta istehlak xərci 360,2 manat, uşağı olmayan ev təsərrüfatlarında isə 496,4 manat təşkil edib.

Hər iki ev təsərrüfatı tipində ən böyük xərc qida məhsullarına yönəlib. Uşaqlı ailələrdə qida xərcləri adambaşına 157,2 manat olduğu halda, uşağı olmayan ev təsərrüfatlarında bu göstərici 199,7 manat olub.

Uşağı olmayan ev təsərrüfatlarında paltar və ayaqqabıya aylıq adambaşına 29,2 manat xərclənib. Uşaqlı ailələrdə isə bu rəqəm 20,9 manat təşkil edib.

Kommunal xərclər də uşağı olmayan ev təsərrüfatlarında daha yüksək olub. Su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə uşaqlı ev təsərrüfatlarında 26,9 manat, uşağı olmayanlarda isə 42,1 manat xərclənib.

Səhiyyə xidmətlərinə ayrılan vəsait uşağı olmayan ev təsərrüfatlarında 29,6 manat, uşaqlı ailələrdə isə 18,1 manat olub. Nəqliyyat xidmətləri üzrə də müvafiq göstəricilər 35,2 və 24,9 manat təşkil edib.

Rabitə xidmətlərinə uşağı olmayan ev təsərrüfatlarında ayda adambaşına 19,3 manat, uşaqlı ev təsərrüfatlarında isə 11,9 manat xərclənib.

Mehmanxana, kafe və restoran xidmətlərinə xərclər də uşağı olmayan ev təsərrüfatlarında daha çox olub. Bu istiqamətdə göstərici müvafiq olaraq 39,4 və 25,6 manat təşkil edib.

Təhsil xərclərində isə əks mənzərə müşahidə olunur. 18 yaşadək uşaqları olan ev təsərrüfatlarında təhsilə ayda adambaşına 7,3 manat xərcləndiyi halda, uşağı olmayan ev təsərrüfatlarında bu göstərici 2,2 manat olub.

Ümumilikdə, məlumatlar uşağı olmayan ev təsərrüfatlarında adambaşına istehlak xərclərinin uşaqlı ailələrdən 136,2 manat və ya təxminən 38 faiz çox olduğunu göstərir.