2025-ci il qlobal enerji bazarlarında geosiyasi qeyri-müəyyənliklər, enerji təhlükəsizliyi ilə bağlı çağırışlar və təbii qaza artan tələbin ön plana çıxdığı il olsa da, SOCAR fəaliyyətini maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli artımla başa vurub.
Şirkətin açıqladığı məlumata görə, ötən il beynəlxalq aktivlər portfeli genişləndirilib, enerji dəyər zəncirində mövqelər gücləndirilib, eyni zamanda əməliyyat səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər maliyyə nəticələrinə müsbət təsir göstərib.
2025-ci il ərzində SOCAR-ın ümumi gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti isə 12,6 milyard manat təşkil edib. Şirkətin əməliyyat fəaliyyətindən əldə etdiyi mənfəət əvvəlki illə müqayisədə 80% artaraq 5,2 milyard manata, xalis mənfəəti isə təxminən 3 milyard manata yüksəlib.
Şirkətin EBITDA göstəricisi (faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) 10,9 milyard manat olub ki, bu da 2024-cü illə müqayisədə 26% artım deməkdir. Gəlirlərin əsas hissəsi xam neft, təbii qaz, neft məhsulları və kimya məhsullarının satışından formalaşıb.
Maliyyə nəticələrinin yaxşılaşması pul axınlarında da özünü göstərib. Belə ki, əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti əvvəlki illə müqayisədə 136% artıb.
Ötən il SOCAR bir sıra strateji əhəmiyyətli investisiya layihələrini həyata keçirib. Bunlara:
- "Bahar" və "Qum-Dəniz" yataqlarında 80%-lik payın alınması;
- İsrailin Aralıq dənizində yerləşən "Tamar" qaz yatağında 10%-lik effektiv iştirak payının əldə edilməsi;
- Türkiyədə yeni neft-kimya və enerji layihələrinin inkişafı;
- rəqəmsal infrastruktur və petrokimya sahələrinə investisiyalar;
- qaz ixracı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi daxildir.
SOCAR bildirib ki, şirkət ölkənin ən iri vergi ödəyicilərindən və ən böyük işəgötürənlərindən biri olaraq dövlət büdcəsinə mühüm töhfə verməyə davam edir.
2025-ci ildə şirkət tərəfindən dövlətə dividendlər, vergilər, müxtəlif ayırmalar və sosial ödənişlər daxil olmaqla ümumilikdə 3,8 milyard manat vəsait ödənilib.
2021–2025-ci illər ərzində isə SOCAR-ın dövlətə həyata keçirdiyi ümumi ödənişlərin həcmi 15,9 milyard manata çatıb. Eyni dövrdə dövlət tərəfindən şirkətə yatırılan vəsait isə 1,6 milyard manat təşkil edib.
Açıqlanan göstəricilər göstərir ki, SOCAR 2025-ci ildə həm maliyyə nəticələrini yaxşılaşdırıb, həm də beynəlxalq layihələr vasitəsilə fəaliyyət coğrafiyasını genişləndirərək enerji sektorunda strateji mövqeyini daha da gücləndirib.
