Hindistanın valyuta ehtiyatları güclü kapital axını və mərkəzi bankın həyata keçirdiyi təşviqedici tədbirlər fonunda son dörd ayın ən yüksək səviyyəsinə çatıb.
Hindistan Ehtiyat Bankının (RBI) açıqladığı məlumata görə, 7 avqust tarixinə ölkənin beynəlxalq valyuta ehtiyatları 707 milyard ABŞ dollarına yüksələrək son dörd ayın maksimumunu yeniləyib.
Təkcə son bir həftə ərzində ehtiyatlar 14,1 milyard dollar artıb ki, bu da yanvar ayından bəri qeydə alınan ən böyük həftəlik artım hesab olunur. Artımın əsas hissəsi – 9,9 milyard dolları – RBI-nin xarici valyuta aktivlərinin böyüməsi hesabına formalaşıb.
Son altı həftədə Hindistanın valyuta ehtiyatları ümumilikdə təxminən 40 milyard dollar artaraq ölkənin xarici maliyyə dayanıqlığını daha da gücləndirib.
Ehtiyatların artımında iyun ayında tətbiq edilən pul-kredit siyasəti tədbirləri mühüm rol oynayıb. Həmin qərarlar dövlət şirkətləri və bankların xaricdən borclanması üçün daha əlverişli hedcinq (valyuta riskindən qorunma) şərtlərini, dövlət istiqrazlarına xarici investisiyalar üzrə vergi güzəştlərini, eləcə də xarici valyutada depozit cəlb edən banklar üçün əlavə stimulları əhatə edib.
RBI-nin məlumatına əsasən, 8 iyun – 31 iyul tarixləri arasında svop mexanizmləri vasitəsilə ölkəyə 40 milyard dollardan çox xarici kapital cəlb olunub. Eyni dövrdə xarici investorlar tam açıq giriş rejimi çərçivəsində xalis əsasda 2,5 milyard dollardan artıq Hindistan dövlət istiqrazı alıblar.
Analitiklərin fikrincə, rupinin məzənnəsini dəstəkləmək üçün RBI-nin valyuta bazarına müdaxilələri xarici kapital axınının yaratdığı müsbət effektin bir hissəsini neytrallaşdırıb.
Qeyd olunur ki, xarici valyuta aktivlərinin dollar ifadəsindəki dəyişməsi yalnız kapital axınını deyil, həm də ehtiyat portfelinə daxil olan digər valyutaların ABŞ dollarına nisbətdə məzənnə dəyişikliklərini əks etdirir.
Hindistanın beynəlxalq ehtiyatlarının tərkibinə, həmçinin ölkənin Beynəlxalq Valyuta Fondundakı (BVF) ehtiyat mövqeyi də daxildir.
MONETAR.AZ